Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və "Azərbaycan" qəzetinin "Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin Adminstrasiyasının rəsmisi Aqşin Əliyev, Milli Məclisin üzvləri, əraziləri işğal olunmuş rayon icra hakimiyyətlərinin başçıları, MKSİF-in rəhbərliyi, QMKİDK və "Azərbaycan" qəzetinin əməkdaşları iştirak edib.
Əvvəlcə qonaqlar Ulu Öndər Heydər Əliyevin Komitənin Heydər Əliyev guşəsindəki büstünün önünə gül qoyublar.
Baş nazirin müavini Əli Həsənov bildirib ki, dünyada nadir şəxsiyyətlər təsadüfən olmur. O, Ulu öndər Heydər Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin iqtisadi inkişafı, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışıb. Bildirilib ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin həllini daim diqqətdə saxlayıb.
Ümummilli lider Heydər Əliyevin dahi şəxsiyyət və dünya siyasət akademiyasının bilicilərindən olduğunu diqqətə çatdıran Ə.Həsənov Ulu öndərin həyat və fəaliyyətindən bəhs edib. Vurğulanıb ki, Ulu öndər Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi illərdə də ölkəmizdəki bütün sahələrdən xəbərdar olub. Ümummilli lider 1970-ci illərdə bu gün sürətlə inkişaf edən Azərbaycanın əsasını qoyub. Ulu öndər ölkəmizdə siyasi və iqtisadi sahələrin möhkəm təməlini formalaşdırıb, milli kadrların hazırlanması işini daim diqqətdə saxlayıb və hərbi təhsilin bazasını yaradıb. Məhz Ulu öndər Heydər Əliyevin böyük nüfuzundan çəkinən ermənilərin Dağlıq Qarabağ məsələsini uzun illər qabarda bilmədiyini vurğulayan Ə.Həsənov Azərbaycanın işğal olunmuş ərazilərindəki separatçı hərəkatın zəifləməsinin də Ümummilli liderin məqsədyönlü fəaliyyətinin nəticəsi olduğunu qeyd edib. Ulu öndər 2003-cü ilədək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün beynəlxalq və milli hüquqi bazanı yaradıb. Bildirilib ki, hazırda Prezident İlham Əliyev də əsası Ümummilli lider tərəfindən qoyulan bu strategiyanı uğurla davam etdirir.
O, 2003-cü ildən - Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən etibarən Azərbaycanın inkişafının yeni mərhələsinin başladığını qeyd edib, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin inkişafına nail olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib.
Daha sonra tədbirdə çıxış edən "Azərbaycan" qəzetinin Baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Heydər Əliyevin Azərbaycan xalqı üçün göstərdiyi xidmətlərdən danışıb. O qeyd edib ki, Heydər Əliyev ilk dəfə Azərbaycanda hakimiyyətə gələndə Azərbaycan çətin durumda idi, iqtisadiyyatı demək olar ki, çökmüşdü. Lakin Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün sahələrdə yeniliklər başladı, iqtisadiyyat dirçəldi, insanların rifahı xeyli yüksəldi.
Sadıqov qeyd edib ki, sovetlər birliyi dağıldıqdan sonra da Azərbaycan xalqının imdadına Heydər Əliyev çatdı. Həmin dönəmdə ölkədə vəziyyət çox ağır idi, insanların bu gündən sabaha ümidi yox idi. Lakin Heydər Əliyevin uğurlu siyasəti nəticəsndə Azərbaycan bu ağır durumdan çıxdı, ölkədə vəziyyət sabitləşdi, iqtisadiyyat dirçəlməyə başladı, ölkənin beynəlxalq əlaqələri yarandı.
O bildirib ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunun bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dayanıqlı iqtisadiyyatı olan stabil bir ölkəyə çevrilib, bir çox beynəlxalq təşkilatların üzvü olub, investisiya yatırılan ölkədən investisiya yatıran ölkəyə çevrilib.
Sonra Füzuli rayonundan məcburi köçkün, "Qayıdış" qəzetinin redaktoru, rayon Ağsaqqallar Şurasının sədri Məcnun Namazəliyev, Şuşa rayon Məşğulluq Mərkəzinin direktoru Vəsilə Xəlilova, Qubadlı rayonundan məcburi köçkün, Yeni Azərbaycan Partiyasının üzvü, təqaüdçü Azad Hacıyev də Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdyi xidmətlərdən, uzaqgörən siyasətindən, neft strategiyasından söhbət açıblar.
Tədbirə müzakirələrlə yekun vurulub.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB