Fond sədri: “Qərəzli hesabatların yayılmasını qətiyyətlə pisləyirəm”

Fond sədri: “Qərəzli hesabatların yayılmasını qətiyyətlə pisləyirəm”

"Beynəlxalq hüquq təşkilatı "Amnesty International"ın "Bakı 2015" I Avropa Oyunlarının başlamasına az müddət qalmış Azərbaycanla bağlı yaydığı hesabatda yer alan qərəzli fikirlərə görə təəssüflənirəm və belə hesabatların yayılmasını qətiyyətlə pisləyirəm". Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu deyib.

Onun sözlərinə görə, dövlət, vətəndaş cəmiyyəti institutları tərəfindən ölkədə mətbuat və insan azadlığının müdafiəsi istiqamətində sistemli işlər həyata keçirilir: "Belə ikili münasibətə görə təəssüflənirəm. Azərbaycan inkişaf etdikcə, beynəlxalq nüfuzu artırdıqca, mövqeyini gücləndirdikcə uğurlarına qısqanclıqla yanaşanların da sayı artır. Ona görə də onlar hər vəchlə ölkəmizə, xalqımıza qara yaxmağa çalışırlar".

U. Rəhimoğlu qeyd edib ki, belə qərəzli hesabatlar erməni lobbisi və bütövlükdə anti-Azərbaycan dairələrinin sifarişləri ilə hazırlanır: "Belə çağırışlara görə təəssüflənirəm və bununla barışmıram. Biz vətəndaş, mətbuat, vətəndaş cəmiyyəti olaraq ölkəmiz üçün daha çox mübarizə aparmalıyıq. Bu yolda əməl, fikir birliyi olmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə