Fəzail Ağamalı gənclərə çağırış etdi YENİLƏNİB

Fəzail Ağamalı gənclərə çağırış etdi YENİLƏNİB

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Bakı 2015 Avropa yay oyunlarına dəstək sosial dostluq qrupu "Anti-Azərbaycan kampaniyası Avropa yay oyunları müstəvisində" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə millət vəkili Fəzail Ağamalı, fəal gənclər və media nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən deputat Fəzail Ağamalı bildirib ki, bu ilin iyun ayının 12-dən 28-dək Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi edəcək: "Biz bundan qürur duyuruq və şərəf hissi hesab edirik. Lakin bizim bədxahlarımız Azərbaycanın son dərəcə möhtəşəm xarakter daşıyan sözügedən tədbirinə qarşı təpkilərlər göstərirlər. Oyunların keçirilməsini istəməyən qüvvələr bundan istifadə edərək ölkəmizə qarşı geniş hücum kampaniyasına başlayıblar. Mən dostlara təklif etdim ki, gəlin Bakı 2015 Avropa yay oyunlarına dəstək sosial dostluq qrupunu yaradaq. Bununla bağlı gənclər xeyli dəstək nümayiş etdirdilər. Beləcə, biz bu ilin aprel ayının 25-də dostların iştirakı ilə sözügedən qrupu yaratdıq. Qısa zaman kəsiyində artıq üzvlərin sayı 10 mini ötüb. Niyyətimiz Avropa yay oyunlarına dəstək vermək və onu müdafiə etməkdir. Bu istiqamətdə Azərbaycan dövlətinin çalışmalarına, son dərəcə ciddi əhəmiyyət daşıyan əməyinə böyük qiymət, dəstək verməklə bərabər dövlətimizin yanında olmaq və bütün imkanlardan istifadə edərək sosial şəbəkədə dostlarımızla bu idman oyunların əhəmiyyətini bölüşməklə barəbər bunun əaleyhinə olan "Anti-Azərbaycan" qruplaşmasına qarşı öz iradəmizi ortaya qoymalıyıq. Məhz belə bir niyyətlə bu dostluq qrupu yarandı".

F. Ağamalı birinci Avropa Oyunları ərəfəsində aparılan qarayaxma kampaniyasını və ABŞ Dövlət Katibi Con Kerrinin əməllərini pisləyib. O, gəncləri daim dövlətin və cənab Prezident İlham Əliyevin yanında olmağa səsləyib.

Partiya sədri əlavə edib ki, ölkəmizə qarşı aparılan şər-böhtanın arxasında erməni diasporasının, lobbisinin xüsusi xidmətləri var: "Biz yumruq kimi bir olub, bu hücumları dəf etməliyik. Sizin hər birinizdən səylərinizi əsirgəməməyi arzulayıram".

Daha sonra Layihənin koordinatoru Nicat Müslümov diqqətə çatdırıb ki, qrupun 10 mindən artıq izləyicisi var və onların sayı gündən-günə artır: "Böyük Britaniya, İspaniya, Fransa, Almaniya və digər ölkələrin vətəndaşları da izləyicilər sırasındadır. Bütün soydaşlarımızı qrupda aktiv fəaliyyətə çağırıram. Müxtəlif dillərdə statuslar yazaraq, oyunları, Azərbaycanı təbliğ etməliyik. Biz gənclər prezident İlham Əliyevin yanında sıx birləşəcəyik. Düşünürəm ki, bu oyunların keçirilməsi həm Azərbaycanın piarıdır, həm də Dağlıq Qarabağ probleminin həllinə öz töhfəsini verəcək".

Daha sonra Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq hüquq fakultəsinin Həmkarlar təşkilatı komitəsinin sədri Yavər Məmmədova, AZTV-nin xəbərlər departamentinin aparıcısı Ruslan Həsənov, "line" prodakşının (production) əməkdaşı Sevinc Əlizadə, BDU-nun müəllimi İradə Əliyeva, professor Qüdrət İsaqov və digərləri çıxış edərək I Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətini qeyd edib, anti-Azərbaycan kampaniyasına qarşı ölkə vətəndaşlarını birgə mübarizəyə çağırıblar.

Qeyd edək ki, Dostluq qrupunun təşəbbüskarları bunlardır:

Fəzail Ağamalı

Nicat Müslümov

Könül Quliyeva

Fuad Ağayev

Aydan Mustafayeva

Sərbaz Qafarov

Vüsalə Xamoyeva

Pərviz İmanov

Günay Kərimli

Mikayıl İbrahimov

Bütün xəbərlər Facebook səhifəmizdə