Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov Aşqabadda neft-qaz sahəsində strateji əməkdaşlıq məsələlərinə dair dördtərəfli görüşdə iştirak edən Azərbaycanın energetika naziri Natiq Əliyevi qəbul edib. SİA-nın Türkmənistan Dövlət İnformasiya Agentliyinə (TDN) istinadla xəbər verir ki, görüşdə dövlət başçısı və energetika idarəsinin başçısı yanacaq-energetika kompleksində ənənəvi strateji tərəfdaşlıq çərçivələrini genişləndirməyin, o cümlədən tranzit qaz kəmərlərinin çəkilməsi üzrə birgə layihələrin, məsələn, Xəzər dənizindən Avropaya təbii qaz nəqli üzrə layihənin həyata keçirilməsi hesabına genişləndirməyin perspektivlərini müzakirə ediblər.
Türkmənistan lideri vurğulayıb ki, bir ölkənin tərəqqisinə və firavanlığına regionda, qitədə, dünyada ümumi vəziyyət kontekstindən kənarda baxıla bilməz. O əmin olduğunu bildirib ki, Türkmənistan, Azərbaycan, Türkiyə və Avropa İttifaqının sahə idarələrinin rəhbərləri dördtərəfli görüş çərçivəsində ümumi maraqlara cavab verən qarşılıqlı faydalı əməkdaşlıq qurmaq üçün ortaq yanaşmaları müzakirə edəcək və təkmilləşdirəcəklər.
Türkmənistan Prezidenti və Azərbaycanın energetika naziri vurğulayıblar ki, əzəldən mehriban qonşuluq münasibətləri, tarixi və mədəni köklər, ümumi adət-ənənələr ilə bağlı olan ölkələrimiz sıx qarşılıqlı fəaliyyətə, o cümlədən dənizdə neft-qaz yataqlarının axtarışı sahəsində əməkdaşlığa kökləniblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB