Sabir Rüstəmxanlı: “ABŞ-ın niyyəti tamamilə ayrıdır” AÇIQLAMA

Sabir Rüstəmxanlı: “ABŞ-ın niyyəti tamamilə ayrıdır” AÇIQLAMA

"ABŞ-Azərbaycan rəsmi münasibətləri ikitərəfli əməkdaşlıq səviyyəsindədir. Amma buna baxmayaraq, ABŞ-ın ölkəmizə qarşı təzyiqləri səngimək bilmir. Bu da ondan irəli gəlir ki, ABŞ Konqresində, Senatorluğunda erməni lobbisinin təsiri altında olan, qeyri hökümət təşkilatlarının diqtəsi ilə oturub-duran siyasilər çoxdur". Bu fikirləri SİA-ya millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Con Kerrinin anti-azərbaycan kampaniyasına rəhbərlik etməsilə bağlı yayılan məlumatları şərh edərkən deyib.

Millət vəkili qeyd edib ki, hər bir siyasətçi fərqli düşünə, fərqli mövqe sərgiləyə bilər: "Con Kerri kimi insanların fikirləri ümumi bir ölkənin fikri demək deyil. Bu kimi məsələlərə həddindən çox fikir verməməliyik. Dünyada ikili standartlar hökm sürür, islama, islam ölkələrinə qarşı sanki bir gözdənsalma prosesi üçün cəbhə yaradılıb. İslam dünyasına qarşı edilən sayğısızlıqlar, etimatsızlıq bu günün deyil, min il əvvəlin hadisəsidir. Bu siyasət illərdir davam edir ki, onun da bir tərəfi Vatikanda, digər bir tərəfi isə bu kimi dövlətlərin paytaxtlarındadır. Bundan qaçmaq və bunun qarşısını almaq mümkün deyil. Bu nöqteyi nəzərdən hədəfə çevrilməmək üçün az bəhanələr verməliyik. Yəni, Avropanın sərgilədiyi demokratik dəyərlərin bir çoxu islam ölkələrində vaxtilə mövcud olsa da, bu dəyərlərə sadiq çox az ölkələr var. Ona görə də, dəyərlərimizi hamıdan artıq qorumalıyıq ki, heç kimin deməyə sözü qalmasın".

Sabir Rüstəmxanlı həmçinin onu da qeyd edib ki, ABŞ-da bəzi dairələrin, təşkilatların islam ölkələrinə qarşı, o cümlədən də Azərbaycana niyyətləri tamamilə ayrıdır: "ABŞ bütün islam dünyasını özündən asılı vəziyyətə salmaq istəyir ki, bu da bu cür hadisələrlə nəticələnir. Qərbin Şərqi anlamamaq, duymamaq prinsipindən irəli gələn mövqe yürüdülən məkrli siyasətin bir parçasıdır. Onlar hansı mövqedən çıxış edirlər etsinlər əsas odur ki, ölkəmizin daxilində münasibətləri düzgün qurmalıyıq. Millətlə dövlət birgə olsa, vətəndaş həmrəyliyi olsa, bu məsələlərin ölkəmizə təsiri minimuma enər. Düşünürəm ki, işıqlı gələcəyə doğru irəliləyən Azərbaycan hər zaman olduğu kimi, bu təzqyiqlərə də öz lazımi, adekvat, düzgün cavabını verməyə nail olacaq".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə