“NED-in "qara piar" kampaniyası uğursuzluqla nəticələnəcək" MÜNASİBƏT

Çingiz Qənizadə: "Emin Milli, Kənan Əliyev kimi insanlar varlanmaq arzusundadırlar”
“NED-in "qara piar" kampaniyası uğursuzluqla nəticələnəcək" MÜNASİBƏT

"Bu insanlar Azərbaycanın ictimai sektorunu, cəmiyyətini təmsil etməyə hüququ olmayan şəxslərdir. Necə ki, Əlikram Hümbətov yalandan talış xalqının adından danışır, oradakı qeyri-hökümət təşkilatının nümayəndələri də Azərbaycan adından danışmağa cəhd edirlər. Ancaq anlamalıdırlar ki, Azərbaycan əleyhinə qara piar kampaniyalarına qoşulanların dövlətimiz adından çıxış etməyə haqları yoxdur". Bu fikirləri SİA-ya millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə bu il mayın 7-də Vaşinqtonda Demokratiyaya Milli Dəstək Fondunun (NED) təşkilatçılığı ilə "Azərbaycan: Demokratik həmrəylik üçün sınaq" adlı tədbirin Vaşinqtonda keçiriləcəyi barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Millət vəkili təəssüf hissi ilə qeyd edib ki, Azərbaycanın hər zaman ABŞ-la tərəfdaşlıqda öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməsinə baxmayaraq ABŞ dövlət katibinin ofisində Azərbaycana qarşı qara piar kampaniyaları hazırlanır: "Hesab edirəm ki, mayın 7-də Vaşinqtonda start götürəcək tədbir də bunların ölkəmizə qarşı apardıqları qaralama kampaniyasının davamı olacaq. Onların hazırladıqları piar kampaniyasının tərkib hissəsinə nəzər yetirsək görərik ki, orada yaxın gələcək üçün iki faktor nəzərdə tutulub. Birincisi, Azərbaycanın dünyada artan nüfuzuna zərbə vurmaq, ikincisi, ölkəmizdə fəaliyyət göstərən QHT-ləri müdafiə etmək. Bu da o QHT-lərdir ki, anti-milli mövqedən çıxış edərək maliyyə dəstəyinin fonunda onların sifarişlərini, tapşırıqlarını yerinə yetirirlər. Ona görə də növbəti tədbirlərinin arxasında da maliyyə vəsaitinin dayandığını düşünürüəm. Özləri də yaxşı bilir ki, bu kimi tədbirlərin keçirilməsi uğursuzluqla nəticələnəcək. Emin Milli, Kənan Əliyev kimi insanlar sadəcə olaraq öz məkirli niyyətlərini sərgiləməklə yaranan situasiyadan istifadə edərək varlanmaq arzusundadırlar".

Çingiz Qənizadə həmçinin qeyd edib ki, Cənubi Qafqazın ən güclü dövlətlərindən birinə qarşı bu cür qaralama kampaniyasının aparılması yolverilməzdir.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə