Bayram Səfərov səfirlə görüşdü FOTO

Bayram Səfərov səfirlə görüşdü FOTO

Aprelin 30-da "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin mərkəzi qərargahında Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə İctimai Birliyinin İdarə heyətinin üzvləri və İcma rəhbəri Bayram Səfərov arasında görüş keçirilib. Birlikdən SİA-ya verilən xəbərə görə, görüş zamanı İctimai Birliyinin İdarə heyətinin sədri, İcma rəhbəri Bayram Səfərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində Ermənistanın təcavüzkar siyasəti ilə yanaşı, beynəlxalq qurumların hələ də ikili standartlar siyasətini davam etdirməsi və münaqişənin həlli prosesində qətiyyətli olmalı olmalı olduqlarını bildirmişdir. "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yaxın zamanda beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə Azərbaycanın arazi bütövlüyünün təmin olunması şərti həll olunmalıdır və biz bu istiqamətdə həm Avropa İttifaqından, həm də digər beynəlxalq qurumlarda qətiyyətli mövqe gözləyirik" .

İcma sədri görüş zamanı həmçinin qeyd etmişdir ki, ölkə başçısı cənab Prezident İlham Əliyevində qeyd etdiyi kimi Azərbaycan münaqişənin sülh yolu ilə nizama salınmasına tərəfdardır. Qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan isə nə beynəlxalq hüquqa, nə də həmsədr ölkələrin rəhbərlərinin bəyanatlarına məhəl qoyur. Münaqişə nəticəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin hələ də işğal altındadır. Əgər problem beynəlxalq hüquq çərçivəsində, ədalətli həll olunmazsa, regionda vəziyyət daha da mürəkkəbləşə bilər: "Azərbaycan sülh tərəfdarıdır və biz həm öz ölkəmizdə, həm Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh istəyirik."

Bundan başqa görüşdə iştirak edən İctimai Birliyinin İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatı Elman Məmmədov və professor Fərhad Bədəlbəyli qeyd etmişdirlər ki, Avropa İttifaqının bu münaqişənin həll olunmasında daha yaxından fəaliyyət göstərməsi zəruridir. Münaqişənin həlli üçün, Avropa İttifaqının dəstəyi və səyi nəticəsində İcmalararası dialoqların təşkil olunması, Aİ-nin bu istiqamətdə mövcud proqram və layihələrində tərəflərin daha aktiv iştirakının təmin olunması vacibdir.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber də öz növbəsində Bakıda olmaqdan və Azərbaycan Respublikasının Dağlıq Qarabağ Qarabağ bölgəsinin Azərbaycanlı İcması ilə görüşün təşkil olunmasından çox böyük məmnunluq hissini bildirmiş və qeyd etmişdir ki, Dağlıq Qarabağ münaqişəsi həlli Avropa İttifaqı üçün çox vacib məsələdir. Avropa İttifaqı Cənubi Qafqaz regionunda sabitliyin təmin edilməsi üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə danışıqların davam etdirilməsi çox zəruridir.

Bütün xəbərlər Facebook səhifəmizdə