“Qərbin ikili standartları: demokratiya və insan hüquqları” YENİLƏNİB

“Qərbin ikili standartları: demokratiya və insan hüquqları” YENİLƏNİB

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Bakı 2015 Birinci Avropa Oyunlarına Dəstək: Vətəndaş Cəmiyyəti Koalisiyası "Qərbin ikili standartları: demokratiya və insan hüquqları" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumat;na görə, tədbirdə millət vəkilləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, qəzet baş redaktorları və KİV-lər iştirak edib.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, Bakı 2015 Birinci Avropa Oyunlarına Dəstək: Vətəndaş Cəmiyyəti Koalisiyasının sədri Rufiz Qonaqov bildirib ki, Qərbin ikilistandartları bu il Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində daha mütəmadi hal alıb: "Bu, gözlənilən idi. Çünki, Azərbaycanda belə bir mötəbər tədbirlər ərəfəsində həmişə qara-piar kampaniyası baş qaldırır. Bunlar isə Qərbin ikilistandartlarından irəli gəlir. Biz birləşib ölkəmizə qarşı olan çirkin kampaniyanın qarşısını alacağıq".

Millət vəkili Zahid Oruc "müstəqil dövlətlərdə keçirilən beynəlxalq idman və mədəniyyət tədbirlərini siyasiləşdirmək cəhdləri: Azərbaycan nümunəsi" mövzusunda məruzə edərək diqqətə çatdırıb ki, artıq amerikapərəstlik bir təhlükəyə çevrilib: "Axı buna səbəb nədir? Düşünürəm ki, prioritetləri dəyişən Amerika və onun hakimiyyətidir. Onların Ermənistana yönəlik çağırışları buna nümunə ola bilər. Əslində ABŞ Azərbaycanda öz tərəfdarlarını itirməkdədir. Bu isə bütövlükdə ABŞ-ın Azərbaycanı itirməsi deməkdir. Bu gün demokratiya məsələsi üzərində Amerikanın yürütdüyü siyasət dünyanı qorxutmaqdadır".

"Qərb ölkələrində insan hüquq və azadlıqları: beynəlxalq öhdəliklər və real vəziyyət" mövzusunda "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev vurğulayıb ki, ABŞ-da polis zorakılığı artıq bu dövlətin daxili aləmini, siyasətini ortaya qoyub: "Qaradərili yeniyetmə Freddi Qreyin polis tərəfindən qətlə yetirilməsinə qarşı ABŞ-ın Baltimor şəhərində bu günlərdə küçələrə çıxan minlərlə insanın təhlükəsizlik qüvvələri tərəfindən zorakı təzyiqlərə məruz qalması, güllələnməsi, ABŞ federal kəşfiyyat xidməti tərəfindən Almaniya kəşfiyyatının icazəsi ilə diplomatların, tanınmış biznesmenlərin izlənməsi barədə "Şpigel" jurnalının faş etdiyi faktlar bu klassik demokratiya daşıyıcısı deyilən ölkədə sərbəst toplaşmaq azadlığı və şəxsi həyatın toxunulmazlığı barədə səsləndirilən pafoslu fikirləri xeyli mübahisəli göstərir".

A.Quliyev əlavə edib ki, ötən il ABŞ-ın 38 peşəkar jurnalist təşkilatı rəhbərinin Obamaya müraciətində ABŞ hökumətinin mediadan informasiyaları gizlətməsinin yüksək həddə çatdığı bildirildi".

İctimai problemlərin tədqiqi assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı "ABŞ və Avropada irqi və dini ayrı-seçkilik hallarının artması: multikulturalizmin iflası" barədə danışaraq qeyd edib ki, ABŞ-da irqi-ayrı seçkiliklə bağlı tarixən problem olub: "Bu gün insan haqlarının carçısı kimi dünyaya özünü nümayiş etdirən Amerika heç bir konvensiyanın üzvü deyil. Burada insanların həbsxanalarda saxlanılma şəraiti, ölüm hökmünün qalması və s. məsələlər ölkənin hansı vəziyyətdə olmasından xəbər verir".

"Dövlət orqanlarının və beynəlxalq təşkilatların fəaliyyətində korrupsiya: faktlar və rəqəmlər" mövzusunda məruzə edən "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib ki, Avropa Birliyi ölkələrində korrupsiya fenomeni ciddi iqtisadi, siyasi və sosial problem kimi son illər daha çox diqqət çəkməyə başlayıb. 2014-cü ildə Aİ-nın Antikorrupsiya Agentliyi OLAF tərəfindən açıqlanan hesabatda daha böyük rəqəmlər əks olunub. Agentliyin araşdırmalarına görə, Aİ hər il korrupsiyadan 320 mlrd avro itirir. Bu, Aİ-nin 7 illik 2014-2020-ci il üçün nəzərdə tutulan büdəcəsinin üçdə birini təşkil edir".

Məruzələrdən sonra çıxışlara start verilib. Daha sonra APA Holdinqin prezidenti Vüsalə Mahirqızı "Con Kerrinin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası" sərlövhəli araşdırmanın hazırlanması zamanı istinad olunmuş sənədləri nümayiş etdirib: "Araşdırma müvafiq sənədlər əsasında hazırlanıb. Ancaq təəssüf edirəm ki, həmin yazıda adıçəkilən bəzi qeyri-hökumət təşkilatı rəhbərləri və ekspertlər yazıya şübhə ilə yanaşdılar. Dünən ABŞ-ın Azərbaycandakı səfirliyinin açıqlamasında da yazı ilə bağlı qeyri-korrekt ifadələr yer alıb. Ona görə biz redaksiya olaraq qərara gəldik ki, sənədləri nümayiş etdirək".

Deputat Fazil Mustafa isə xüsusilə diqqətə çatdırıb ki, bu gün Avropa Birliyi kimi bir mexanizm qondarma erməni "soyqırımı" ilə bağlı qərar və qətnamə qəbul edirsə, bu, artıq ayrı-ayrı deputatların fikri deyil: "Burada düşünülmüş bir siyasət yürüdülüb. Belə olan təqdirdə biz haqlarımızın müdafiəsi kimi çıxış etməliyik. Biz sadəcə olaraq ölkəmizə qarşı atılan addımların müəyyən detallarının üzə çıxarılması və onun qarşısının alınması istiqamətində etirazımızı ortaya qoymalıyıq".

Millət vəkili Musa Qasımlı qeyd edib ki, ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları ərəfəsində heç kim ölkəmizə qarşı qara piar apara bilməz: "Bu gün böyük dövlətlərin çoxu müstəqil Azərbaycanın olmasını istəyir, amma güclü Azərbaycan dövlətinin olmasını istəmir. Bu gün ölkəmiz tam müstəqil bir xarici siyasət yürüdür. Bu isə Amerika və digər ölkələrin narahatlığına səbəb olur".

Sonra Azərbaycan Milli Məclisinin üzvü Fərəc Quliyev, Çingiz Qənizadə, Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov çıxış edərək Bakıda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində belə bir qarayaxma kampaniyasını əsassız hesab edib, Qərbin ölkəmizə qarşı apardığı ikilistandartları pisləyiblər.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışında diqqətə çatdırıb ki, demokratiya yumşaq və universal bir gücdür: "Bütün bunlara baxmayaraq, Azərbaycanın özünün demokratiyası var. Azərbaycanda irqi, dini, ideoloji, etnik ayrılıqlar üzərində qarşıdurma yaratmaqla ölkəmizin Qarabağ problemini unutdurmaq və ölkəmizi dağıtmaq istəyirlər".

"Ümumiyyətlə, dünya praktikasında da belədir, milli maraqlar prioritet təşkil edəndə, dövlətçilik məsələsi önə çəkiləndə iqtidar-müxalifət məsələsi bir kənara qoyulur. Hesab edirəm ki, bu gün biz də mövqeyimizi ortaya qoymalıyıq". Bunu isə SƏS Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev deyib.

Qurum rəhbərinin sözlərinə görə, əgər dünyada Azərbaycana qarşı ikili standartlar mövcuddursa, biz buna qarşı öz mövqeyimizi sərgiləməliyik: "ABŞ-da faktiki olaraq kütləvi mitinqlər, aksiyalar misli görünməmiş dərəcədə artıb və bu gün də davam edir. Hətta Baltimor şəhərində komendant saatı tətbiq edilib. Şəhərə qvardiya əsgərləri yeridilib. Vəziyyət dözülməz dərəcədə ağırdır. Baxmayaraq ki, bu ölkədə ən sərt qanunlar mövcuddur, kütləvi qanun pozuntuları mövcuddur. Axı biz bunları niyə demirik? Bu gün Azərbaycanın siyasətini, mədəniyyətini, iqtisadi inkişafını dünyaya təqdim etməyin zamanıdır. Ümummilli məsələlərdə biz bir olmalı və mübarizəmizi birgə aparmalıyıq. Bu gün Azərbaycana qarşı aparılan "qara piar" kampaniyası yeni deyil, paytaxtımızda keçirilən "Avroviziya" mahnı müsabiqəsində də ölkəmizə qarşı qaragüruh hücumları təşkil edilmişdi, ölkəmizin nüfuzunu gözdən salmağa çalışırdılar. Amma onlar öz istəklərinə nail ola bilmədilər. Hesab edirəm ki, Azərbaycanın milli maraqları, gələcək uğurlarımız, inkişafımız naminə mübarizəyə hazır olmalıyıq".

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, hər bir Azərbaycan vətəndaşı dövlətçiliyimiz naminə öz vətəndaşlıq mövqeyini ortaya qoymalıdır: "Təklif edərdim ki, koalisiyanın tərkibində qruplar formalaşdırılsın. Düşünürəm ki, bu qruplar vasitəsilə dünyanın bir çox ölkələrinə, beynəlxalq təşkilatlara Azərbaycandakı reallıqlarla bağlı təbliğat, təşviqat işləri yetərincə çatdırılmalıdır".

İqtisadçı Vüqar Bayramov təəssüf hissi ilə vurğulayıb ki, I Avropa Oyunlarının iqtisadi qiymətləndirilməsi ilə bağlı mətbuata yanlış məlumatlar daxil olub: "Bu oyunlar Azərbaycan üçün cari gəlirlərə malikdir. Nəzərə alsaq ki, hər bir turist Bakıda 1 həftədə 1000 dollar xərcləyib, onda ölkəyə gələn hər bir turist ölkəyə 2000 dollar iqtisadi gəlir verəcək. Bu oyunlar həmçinin xarici valyuta gəlirinin artmasına imkan verəcək. Xərcləmələrin 78 faizi infrastruktur xərcləridir. I Avropa Oyunlarından sonra Azərbaycan bir neçə beynəlxalq yarışlar keçirəcək. Ölkə heç bir xərc etmədən həmin oyunları yüksək səviyyədə təşkil edə biləcək. Bu oyunlardan əldə etdiyimiz gəlirlər ona xərclənən maliyyədən dəfələrlə çox olacaq".

Sonra Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı, "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov və digərləri çıxış edərək, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına etirazlarını bildiriblər.

Tədbirə müzakirələr əsasında yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə