Qərbin Azərbaycana qarşı siyasəti pislənib YENİLƏNİR

Qərbin Azərbaycana qarşı siyasəti pislənib YENİLƏNİR

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Bakı 2015 Birinci Avropa Oyunlarına Dəstək: Vətəndaş Cəmiyyəti Koalisiyası "Qərbin ikili standartları: demokratiya və insan hüquqları" mövzusunda dəyirmi masa keçirilir. SİA-nın məlumatlna görə, tədbirdə millət vəkilləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və KİV-lər iştirak edir.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib ki, Qərbin ikilistandartları bu il Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində daha mütəmadi hal alıb: "Bu, gözlənilən idi. Çünki, Azərbaycanda belə bir mötəbər tədbirlər ərəfəsində həmişə qara-piar kampaniyası baş qaldırır. Bunlar isə Qərbin ikilistandartlarından irəli gəlir. Biz birləşib ölkəmizə qarşı olan çirkin kampaniyanın qarşısını alacağıq".

Millət vəkili Zahid Oruc diqqətə çatdırıb ki, artıq amerikapərəstlik bir təhlükəyə çevrilib: "Axı buna səbəb nədir? Düşünürəm ki, prioritetləri dəyişən Amerika və onun hakimiyyətidir. Onların Ermənistana yönəlik çağırışları buna nümunə ola bilər. Əslində ABŞ Azərbaycanda öz tərəfdarlarını itirməkdədir. Bu isə bütövlükdə ABŞ-ın Azərbaycanı itirməsi deməkdir. Bu gün demokratiya məsələsi üzərində Amerikanın yürütdüyü siyasət dünyanı qorxutmaqdadır".

"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev vurğulayıb ki, ABŞ-da polis zorakılığı artıq bu dövlətin daxili aləmini, siyasətini ortaya qoyub: "Qaradərili yeniyetmə Freddi Qreyin polis tərəfindən qətlə yetirilməsinə qarşı ABŞ-ın Baltimor şəhərində bu günlərdə küçələrə çıxan minlərlə insanın təhlükəsizlik qüvvələri tərəfindən zorakı təzyiqlərə məruz qalması, güllələnməsi, ABŞ federal kəşfiyyat xidməti tərəfindən Almaniya kəşfiyyatının icazəsi ilə diplomatların, tanınmış biznesmenlərin izlənməsi barədə "Şpigel" jurnalının faş etdiyi faktlar bu klassik demokratiya daşıyıcısı deyilən ölkədə sərbəst toplaşmaq azadlığı və şəxsi həyatın toxunulmazlığı barədə səsləndirilən pafoslu fikirləri xeyli mübahisəli göstərir".

A.Quliyev əlavə edib ki, ötən il ABŞ-ın 38 peşəkar jurnalist təşkilatı rəhbərinin Obamaya müraciətində ABŞ hökumətinin mediadan informasiyaları gizlətməsinin yüksək həddə çatdığı bildirildi".

İctimai problemlərin tədqiqi assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı qeyd edib ki, ABŞ-da irqi-ayrı seçkiliklə bağlı tarixən problem olub: "Bu gün insan haqlarının carçısı kimi dünyaya özünü nümayiş etdirən Amerika heç bir konvensiyanın üzvü deyil. Burada insanların həbsxanalarda saxlanılma şəraiti, ölüm hökmünün qalması və s. məsələlər ölkənin hansı vəziyyətdə olmasından xəbər verir".

"Dövlət orqanlarının və beynəlxalq təşkilatların fəaliyyətində korrupsiya: faktlar və rəqəmlər" mövzusunda məruzə edən "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti deyib ki, Avropa Birliyi ölkələrində korrupsiya fenomeni ciddi iqtisadi, siyasi və sosial problem kimi son illər daha çox diqqət çəkməyə başlayıb. 2014-cü ildə Aİ-nın Antikorrupsiya Agentliyi OLAF tərəfindən açıqlanan hesabatda daha böyük rəqəmlər əks olunub. Agentliyin araşdırmalarına görə, Aİ hər il korrupsiyadan 320 mlrd avro itirir. Bu, Aİ-nin 7 illik 2014-2020-ci il üçün nəzərdə tutulan büdəcəsinin üçdə birini təşkil edir".

Məruzələrdən sonra çıxışlara start verilib. APA Holdinqin prezidenti Vüsalə Mahirqızı, millət vəkilləri Asim Mollazadə, Fazil Mustafa, Musa Qasımlı Bakıda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində belə bir qarayaxma kampaniyasını əsassız hesab ediblər və Qərbin ölkəmizə qarşı apardığı ikilistandartları pisləyiblər.

Ceyhun Rasimoğlu, Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə