Dövlət başçısı: "Azərbaycan beynəlxalq hüququn pozulmasından əziyyət çəkir"

Dövlət başçısı: "Azərbaycan beynəlxalq hüququn pozulmasından əziyyət çəkir"

"Azərbaycan beynəlxalq hüququn kobud surətdə pozulmasından əziyyət çəkir, tarixi torpaqlarımız işğal olunub. Uzun illərdir ki, 1 milyondan çox həmvətənimiz qaçqın və məcburi köçkündür". SİA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında çıxış edərkən deyib.

Ölkə başçısının sözlərinə görə, BMT sənədlərində və Helsinki aktında ərazi bütövlüyü prinsipi əsas götürülüb: "Sənədlərdə də qeyd olunub ki, xalqların öz müqəddəratını təyin etmə ərazi bütövlüyünün pozulmasına gətirib çıxarmamalıdır. Aqressiv separatizm davam edir. Əgər Dağlıq Qarabağ münaqişəsi həll olunsaydı, bu gün yeni münaqişələri görməzdik. Azərbaycan qəti şəkildə münaqişənin BMT-nin qətnamələri, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının qərarları əsasında, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bizim seçimimiz demokratiya, sülh, multikultiralizm, əməkdaşlıqdır. Dağlıq Qarabağ münaqişəsi iqtisadiyyatın inkişafına mane olsa da, Azərbaycan müstəqillik illərində iqtisadiyyatını inkişaf etdirib".

Dövlət başçısı həmçinin bildirib ki, Azərbaycan iqtisadiyyatı neftdən 30 faiz asılıdır: "Azərbaycan sərmayələrə açıq dövlətdir. Son illər ölkəyə 70 milyard dollara qədər vəsait yatırılıb. Biz rəqabətə davamlılıq baxımından dünyada 30-cu yerdəyik. Demək olar ki, işsizliyi aradan qaldıra bilmişik. İşsizlik 5 faizə enib. Yoxsulluq 49 faizdən 5 faizə enib. Şəffaflıq və enerji resurslarından əldə edilən gəlirlərdə, dövlət vəsaitlərinin xərclənməsində şəffaflıq da öz rolunu oynayır".

Bütün xəbərlər Facebook səhifəmizdə