Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi, habelə hərbi təhsilə marağın artırılması məqsədi ilə xüsusi təyinatlı təhsil müəssisələrində görüşlərə başlayıb. SİA-nın məlumatına görə, ilk tədbir bu gün Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilib.
Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov çıxış edərək deyib ki, xüsusi təyinatlı təhsil müəssisələrdə bu cür görüşlərin mütəmadi təşkil olunması sevindirici haldır: Müstəqil Azərbaycan Respublikasının vətəndaşları gələcəyin aparıcı qüvvəsi məhz siz gənclərdən asılıdır. Gənclərsiz bizim gələcəyimiz yoxdur. Ona görə də savadlı gənclərin olması hər bir ölkənin dayaq nöqtəsidir. Ali Baş Komandan, Prezident İlham Əliyev rəhbərliyi altında ölkəmiz çox yüksək inkişaf edib. Qısa müddət ərzində Azərbaycan öndə gedən ölkələrin hamısını geridə qoyub. Bu faktdır. Bu ölkədə yaşamaq, Azərbaycanın vətəndaşı olmaq hər birimiz üçün qürur mənbəyidir. Ona görə də bu ölkənin bütün atributlarını, qanunlarını yüksək səviyyədə öyrənməliyik".
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi, polkovnik-leytenant Azər Babayev bildirib ki, bu kimi tədbirlər bir neçə mərhələdən ibarətdir: "Beləki bütün xüsusi təyinatlı təhsil müəssisələrində sözügedən tədbir təşkil olunacaq. İlk olaraq biz Fövqəladə Hallar Nazirliyinin Akademiyasından başladıq. Gələn ay ərzində digər xüsusi təyinatlı təhsil müəssisələrində bu tədbir həyata keçiriləcək. Əsas məqsəd gənclərimizin, çağırışaqədər yaş həddində olan vətəndaşlarımızın müddətli həqiqi hərbi xidmətə hazırlanmasıdır. Bununla belə onların zabit peşəsinə marağının artırılmasıdır".
Görüşə Bakının Səbail, Qaradağ, Xəzər, Suraxanı rayonlarında təhsildə fərqlənən 100-ə qədər yuxarı sinif şagirdi cəlb olunub. Şagirdlər Akademiyada yaradılan şərait, tədris prosesi ilə əyani tanış olublar, eləcə də onları maraqlandıran suallar cavablandırılıb. Bununla belə onlar nahar etdikdən təlimlərə qatılıblar.
Qeyd edək ki, SHXÇDX tərəfindən anoloji tədbirlər digər təhsil müəssisələrində də davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB