"Azərbaycan müstəqil dövlət kimi beynəlxalq aləmə inteqrasiya edəndən sonra daima digər dövlətlərlə dostluq münasibətlərinə önəm verib, əməkdaşlığını məhz bu istiqamətdə də qurub". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov bu il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları ərəfəsində xarici təşkilatların Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasına münasibət bildirərkən deyib.
YAP GB sədrinin sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı ölkədəki əlverişli mühitin yaratmış olduğu imkanlardan istifadə edərək ölkəmizin inkişafına dəstək verməyə çalışır: "Son illər ərzində bir sıra beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirildiyi məkana çevrilən müasir Azərbaycan qarşıdakı aylarda daha bir ilkə imza ataraq, Avropada ilk dəfə keçirilmiş olacaq Avropa oyunlarına ev sahibliyi edəcək. Bu ölkəmizin inkişafının göstəricisi olmaqla yanaşı, eyni zamanda dünya birliyinin Azərbaycana olan etimadının təzahürüdür. Avropa oyunlarının keçirilməsi üçün dövlətimiz tərəfindən bütün lazımi addımlar atılıb. Hazırlıqlara nəzər salsaq, ölkəmizin bu oyunları ən yüksək səviyyədə həyata keçirəcəyini əminliklə vurğulaya bilərik. Amma, inkişaf olan yerdə müəyyən problemlər də olur. Daha doğrusu süni şəkildə problem yaradırlar. Bir neçə aydan sonra Avropa tarixində bir ilkə imza atacaq Azərbaycanın ünvanına böhtanlar atır, qarayaxma kampaniyaları hazırlayırlar. Niyə? Məgər, bu oyunları keçirməkdə səhvmi edirik?! Əlbəttə ki, xeyr".
S.Orucov bildirib ki, Azərbaycanın bugünkü uğurlarını həzm edə bilməyən qüvvələr öz çirkin məqsədlərinə nail olmaq üçün bu üsullardan istifadə edirlər: "Amma, istifadə olunan bu oyunlar bizim üçün yeni deyil. Çünki, biz bu kimi dairələrin çirkin planlarının bir neçə dəfə şahidi olmuşuq. İstər 2012-ci ildə Azərbaycanda keçirilən "Avroviziya" mahnı yarışmasında, istərsə də ev sahibliyi etdiyimiz digər beynəlxalq tədbirlərdə. Eyni zamanda həmişə bu kimi dairələrin planlarının reallaşmamış, "qocalaraq" məhv olduğunun şahidi olmuşuq. Azərbaycana qarşı ediləm basqılar ölkəmizin az vaxt ərzində böyük inkişaf yolu keçməsidir. Bu gün Azərbaycan dünya enerji təhlükəsizliyinin təmin olunmasında böyük güclərə alternativ olan gücdür. Ölkəmizdə siyasi-sabitlik mövcuddur. Bundan başqa dövlətimizdə sağlam vətəndaş cəmiyyətinin inkişafı ümidli gələcək vəd edir. Həmçinin demokratik imicli dövlətlərdən fərqli olaraq, ölkəmizdə dini, irqi, zəmində heç bir ayrıseçkilik yoxdur. Bu sadalananlar ölkəmizin uğurudur. Avropa Oyunlarını keçirməklə bu uğurların sırasına daha birini də əlavə edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB