“Taliban” hərəkatı “İslam Dövləti”ni qabaqlamaq istəyir SAVAŞ

“Taliban” hərəkatı “İslam Dövləti”ni qabaqlamaq istəyir SAVAŞ

Əfqanıstanın radikal hərəkatı olan "Taliban" qruplaşması "Əzm" adı altında yaz hücum kampaniyasına başlayacağını bəyan edib. SİA xəbər verir ki, bu barədə "TASS" agentliyi hərəkatın rəsmi bəyanatına istinad edərək yazıb. Mətndə qeyd olunur ki, əsas hədəf kimi " xarici işğalçılar və onların həbi bazaları, eləcə də diplomatik müəssisələri olacaq". Hücum kampaniyasına startın isə gələn həftənin cümə günündən başladılacağı bildirilir.

"Taliban" həmçinin yerli hökumət nümayəndəliklərinə, xüsusi xidmət orqanlarına, ordu güclərinə və polisə qarşı da hücum əməliyyatı keçiriləcəyini bəyan edib.

Lakin bugünlərdə Əfqanıstana digər terror təşkilatı – "İslam Dövləti"nin də hücum edəcəyi məlum olub. Belə ki, "İD" hələ yanvar ayında "Xorasan əmirliyi" yaratdığını bəyan edib. "Əmirliyə" isə Əfqanıstan, Pakistan, Hindistan və Banqladeş kimi ölkələr aid edilib. "Əmir" isə Pakistanı təmsil edən "Taliban"ın keçmiş səhra komandiri Hafiz Səid Xan təyin edilib.

Artıq Əfqanıstanın Şərq və Cənub əyalətlərində - Loqarda, Paktiyada, Qəznidə, Zəbulda, Gilmendə, eyni zamanda Şimalında yerləşən Gündüzda, Cauzcanda və Pərvanda "İD"in nəzarətinin olduğu bildirilir. Hətta "Taliban" üzvlərinin də "İD"ə biət etdiyi bəlli olub.

Qeyd edək ki, son günlər "Taliban" ilə "İD" arasında savaş həddinə çatacaq qədər qarşıdurma yaranıb və tərəflər bir-birlərinə cihad elan ediblər. Hərbi ekspertlər isə bildirirlər ki, "Taliban" Əfqanıstan hökumətinə və xarici diplomatik nümayəndiliklərə qarşı hücum vaxtını açıqlamaqla, "İD"dən daha tez hərəkətə keçməyi planlaşdırır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə