Millət vəkili: “İqtidar-müxalifət dialoqunda ciddi siyasi qüvvələr iştirak edir” AÇIQLAMA

Millət vəkili: “İqtidar-müxalifət dialoqunda ciddi siyasi qüvvələr iştirak edir” AÇIQLAMA

"İqtidar-müxalifət dialoqunun növbəti görüşünun tarixi haqqında yaxın vaxtlarda məlumat veriləcək. Kimin iştirak edib-etməməsi isə onların öz seçiminə bağlıdır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə iqtidar-müxalifət dialoqunun növbəti görüşünə Müsavatın və AXCP-nin qatılıb-qatılmaması məsələsinə münasibət bildirərkən deyib.

YAP rəsmisinin sözlərinə görə, sözügedən dialoqda kiminsə iştirak edib-etməməsi heç də həmin tədbirin əhəmiyyətini azaltmır: "Ölkədəki ciddi-siyasi qüvvələr orada iştirak edirlər. Parlament fəaliyyətinə önəm verən partiyalar orada müxtəlif müzakirələr keçirirlər. Beləcə onlar Azərbaycan siyasətinə yeni bir siyasi mədəniyyət gətirirlər. Təbii ki, iştirak etməyənlər isə artıq bu məsələdə özlərinin hazırlıqsızlığını, daima izolyasiya olunmuş şəkildə fəaliyyət göstərməkdə maraq göstərmələrini, müasir düşüncədən uzaq olduğunu göstərirlər".

A. Mirzəzadə əlavə edib ki, bu gün cəmiyyət mütərəqqi təkliflərdə, layihələrdə maraqlıdır: "Küçə yürüşləri, mitinqlərdə bu gün biz hər hansı yaradıcı təklifə rast gələ bilmirik. Təbii ki, bu ola da bilməz. Hələ də 20-30 il bundan əvvəlki ab-hava ilə yaşayanlar bəlkə də qaytardılar prinsipi ilə fəaliyyət göstərənlər heç bir halda yenilik ortaya qoya bilməzlər. Onların 200-300 nəfərin iştirakı ilə keçirdikləri kütləvi aksiya isə həmin şəxslərin sosial bazasını və cəmiyyətdə heç də bir dəstək qazanmadıqlarının göstəricisidir. Bu gün Azərbaycan siyasətində real fəaliyyət göstərmək, yeniliklərlə özünə yer tutmaq üçün bütün imkanlar var. Görünür, kimlərəsə köhnə təfəkkürdə olmaq, kabinet siyasəti aparmaq daha çox sərf edir. Bunun isə artıq cəmiyyətə heç bir aidiyyatı yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə