Qeyri-ənənəvi dini cərəyanların qarşısını necə almaq olar? YENİLƏNİB

Qeyri-ənənəvi dini cərəyanların qarşısını necə almaq olar? YENİLƏNİB

Bu gün Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Qeyri-ənənəvi dini cərəyanların təbliğat metodları və onların qarşısının alınması yolları" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, konfrans iştirakçıları əvvəlcə institutun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət edib, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanış olub, Ulu öndərin büstü önünə əklil qoyublar.

Konfransda AMİ-nin rektoru, professor Aqiyə Naxçıvanlı, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri, tarix elmləri üzrə fəlsəfə doktoru Mübariz Qurbanlı, komitənin sədr müavini Gündüz İsmayılov, sədrin köməkçisi Amil Cavadov, Azərbaycan Müəllimlər İnstitutunun professor-müəllim heyəti və tələbələri, kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak ediblər.

Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyə Naxçıvanlı giriş sözü ilə iştirakçıları salamlayaraq bildirib ki, Vətənimiz Azərbaycan zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malikdir: "Sivilizasiyaların qovşağında yerləşən ölkəmiz həmişə islam dünyasının tarixi-mədəni mərkəzlərindən biri olub. Azərbaycan Respublikası dünyəvi dövlətdir və burada dini-mənəvi dəyərlərə, ayrı-ayrı millətlərin dinlərinə hörmətlə yanaşılır. Təəssüflər olsun ki, sözdə dini və milli tolerantlıqdan bəhs edən bir sıra dövlətlər və beynəlxalq təşkilatlar erməni vandalizminə heç bir münasibət bildirmirlər. Bəzi dövlətlər islamı terrorçu din obrazında təqdim etməyə çalışırlar.Tarixən Azərbaycanda heç zaman milli və dini zəmində ayrı-seçkilik baş verməyib".

DQİDK sədri Mübariz Qurbanlı isə diqqətə çatdırıb ki, qurum mütəmadi olaraq bu kimi tədbirləri təşkil edir: "Nəzərə alınıb ki, bu tədbirə uyğun olaraq biz həm Ali təhsil ocaqlarında, həm də yerlərdə, rayonlarda müxtəlif tədbirlər keçirək. Həmin tədbirlərdə dövlət-din münasibətləri ilə əlaqədar fikirlərimizi, Prezident cənab İlham Əliyevin siyasətini cəmiyyətə açıq şəkildə çatdıra bilək. Azərbaycan xalqı çox qədim xalqdır. Bizim xalqımız ta qədimdən müəyyən dini inanclara malik olub. Yəni dünyada bütün xalqlar müxtəlif yol keçiblər. Təbii ki, onlar bu yolda hamıya xas olan xüsusiyyətləri yaşayıblar. İnsan yarandığı gündən onu ətraf mühitlə bağlayan tellər olub. Azərbaycan xalqının ta qədimdən keçdiyi yola nəzər salsaq, biz ilk dövrlərdə türk etnoslarına mənsub olan xalqlar kimi Tanrıçılıq bizdə əsas aparıcı rol oynayıb".

Daha sonra konfransa diskussiya şəklində yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə