“Qarabağ tədqiqatları” mövzusunda konfrans keçirilib YENİLƏNİB

“Qarabağ tədqiqatları” mövzusunda konfrans keçirilib YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) və Azərbaycan Republikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş "Qarabağ tədqiqatları" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov, EİF-nın icraçı diektoru Elçin Babayev, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri Bayram Səfərov, millət vəkilləri Fəttah Heydərov, Musa Qasımlı, Aydın Mirzəzadə, İsa Həbibbəyli, Elman Məmmədov və universitetin tələbələri iştirak ediblər.

Dövlət İdarəçilik Akademiyasında keçirilən konfransda rektor, akademik Urxan Ələkbərov çıxış edərək böyük Ermənistan xülyası ilə yaşayan ermənilərin öz məqsədlərinə çatmaq üçün xarici qüvvələrdən də istifadə edərək Azərbaycana qarşı müxtəlif ərazi iddiaları irəli sürdüklərini söyləyib.

Rektor ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin tarixən azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı və etnik təmizləmə siyasəti ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən danışıb.

EİF-nın icraçı diektoru Elçin Babayev isə bildirib ki, konfransın mahiyyəti elə onun adı ilə bilavasitə bağlıdır: "Tədbir aprelin 24-də həm uydurma erməni soyqırımının 100 illiyinin ifşa olunmasına, həm də Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümünə hazırlıq işlərinə həsr olunub. EİF iki il bundan öncə 8 may tarixində "Şuşa qrantı"nı təsis edib. Bu tək "Şuşa qrantı" deyil, bütövlükdə "Qarabağ tədqiqatları"nı əhatə edən qrant müsabiqəsidir. İki qrant müsabiqəsi üzrə layihələr uğurla yerinə yetirilib. Üçüncü qrant müsabiqəsinə daxil olmuş layihələr ekspertizadadır. Həmin uğurlu layihələr üzrə alınmış nəticələrin bir növ ictimaiyyət qarşısında təqdimatı idi".

O, qeyd edib ki, Ulu öndər Heydər Əliyevin apardığı uğurlu siyasət Prezident İlham Əliyev tərəfidən davam etdirilir. Natiq vurğulayıb ki, hər kəs elmə yiyələnməyi əsas götürməlidir.

Millət vəkili Fəttah Heydərov deyib ki, Azərbaycan artıq dünya miqyasında öz həqiqi yerini tutmağa başlayıb. Ölkəmizin bugünkü uğurları Ümummilli Liderin adı ilə bağlıdır.

Deputat bildirib ki, 20 ildən çoxdur ki, ermənilər və onların arxasında duran qüvvələr ikili standartlardan əl çəkərək Dağlıq Qarabağ məsələsini həll etmək istəmirlər: "Bütün dünya ictimaiyyəti işğal olunan torpaqların Azərbaycana aid olduğunu etiraf edir. İşğal olunan torpaqlarımızı geri qaytarmaq üçün hər kəs yalnız ölkə başçısı İlham Əliyevin ətrafında sıx birləşməlidir. Bunun üçün də xalqın və gənclərin birləşməsinə ciddi ehtiyac var".

AMEA-nın vitse-prezidenti, Milli Məclisin üzvü İsa Həbibbəyli təəssüf hissə ilə qeyd edib ki, uzun zaman keçmiş Sovet rejimi dövründə Kremil tarixi həqiqətləri onun tərkibində olan xalqlara çatdırılmasında birtərəfli siyasət həayata keçirib: "Türk-müsəlman xalqlarına özlərinin qanlı tarixini, repressiya hadisələrini, onlara törədilmiş faciələri unutdurmaq, manqurtlaşdırmaq siyasəti həyata keçirib. Sovetlər İttifaqının tərkibindəki slavyan, xristian xalqlarına isə öz tarixlərini hələ bir qədər şişirdərək cəmiyyətə çatdırmağa imkan yaratmışlar".

Deputat Musa Qasımlı "Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək (1920-1994-cü illər) erməni iddiaları" mövzusunda məruzə ilə çıxış edib.

Konfransda eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı soyqırımlar, erməni diasporunun məkrli fəaliyyəti və təcavüzləri barədə, həmçinin Elmin İnkişafı Fondunun 8 may 2012-ci ildən təsis edərək keçirdiyi "Şuşa qrantı" müsabiqələri çərçivəsində yerinə yetirilən uğurlu elmi-tədqiqat layihələri üzrə alınan nəticələr haqqında elmi məruzələr dinlənilib.

Məruzələr Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək (1920-1994-cü illər) erməni iddialarını, Ermənistanın Azərbaycana təcavüzü məsələsində böyük dövlətlərin və beynəlxalq təşkilatların mövqeyini, Azərbaycanda məcburi köçkünlərin sağlamlıq vəziyyətinin kompleks şəkildə qiymətləndirilməsini, Qarabağ geyimlәrini, Şuşa şәhәrinin 3D modeli və kosmik təsvirlər əsasında mövcud vәziyyәtin qiymәtlәndirilmәsini, Qarabağda xalq oyunları və meydan tamaşalarını, Qarabağdakı Nərgiztəpə arxeoloji abidələr kompleksi üzrə tədqiqatları, Qarabağın bir sıra maddi-mədəniyyət abidələrinin virtual rekonstruksiyasını əhatə edib.

Qeyd edək ki, konfrans materialları kitab şəklində çap olunacaq.

Tədbirə bədii hissə ilə yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə