"Türkdilli ölkələr arasında informasiya mübadiləsinin inkişafı üçün daha çox tərcüməçi kadrlara və lüğətlərin nəşrinə ehtiyac var". SİA-nın məlumatına görə, bunu Azərbaycan Parlamentində TürkPA-nın fəaliyyəti barədə hesabat verən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov deyib.
Türkdilli ölkələrin ortaq televiziyasının yaradılması istiqamətində gedən işlərdən danışan baş katib deyib ki, hələlik bu televiziyanın yaradılması üçün kifayət qədər kadr yoxdur: "Hesab edirəm ki, kifayət qədər kadr bazası formalaşandan sonra ortaq televiziyanın yaradılması məsələsini hərtərəfli müzakirə etmək olar".
J. Asanov qeyd edib ki, bu il TürkPA-ya üzv dövlətlərin hər birində parlament seçkiləri keçiriləcək: "Bu səbəbdən də qurumun toplantısı yayda yox, payızda keçiriləcək. Ancaq qurumun müşahidə missiyası TürkPA üzv dövlətlərdə keçiriləcək seçkilərin monitorinqini aparacaq".
Türkmənistan və Özbəkistanın TürkPA-ya üzvlüyü məsələsini şərh edən J. Asanov deyib ki, bu ölkələr qurumun konstruktiv fəaliyyətini hiss etdikdə özləri quruma daxil olmağa cəhd göstərəcəklər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Jandos Asanov deyib ki, 1 milyondan çox qaçqın və məcburi köçkünün olması hər bir dövlət üçün çox ağır məsələdir: "TürkPA bütün rəsmi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və münaqişənin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb. Hesab edirik ki, münaqişənin həlli regionun sabit və davamlı inkişafı üçün böyük imkanlar yaradacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB