"Yəməndə Azərbaycan vətəndaşları ilə əlaqələndirmə davam edir" AÇIQLAMA

"Yəməndə Azərbaycan vətəndaşları ilə əlaqələndirmə davam edir" AÇIQLAMA

"Bir qrup Azərbaycan Respublikası vətəndaşı Rusiya Federasiyası tərəfindən təmin edilmiş təyyarə vasitəsilə Yəməndən təxliyə edilib və bu dəstəyə görə Rusiya Federasiyasına təşəkkürümüzü ifadə edirik". Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN sözçüsü bildirib ki, bu işdə Rusiya Federasiyasının Yəməndəki diplomatik nümayəndəliyinin əməkdaşları və Rusiya Fövqəladə hallar Nazirliyinin şəxsi heyətinin rolu xüsus qeyd edilməlidir: " Digər Azərbaycan vətəndaşlarının da Yəməndən təxliyəsi üçün Azərbaycan Respublikasının Səudiyyə Ərəbistandakı Səfirliyi ilə Rusiya tərəfi arasında əlaqələndirmə davam edir. Türkiyədə öz növbəsində texniki məsələlər və uçuş icazələri hazır olan kimi Türkiyə də ayrılacaq təyyarə vasitəsilə Azərbaycan vətəndaşlarının təxliyəsinə köməklik göstərməyə hazırlığını bildirmişdi. Buna görə Türkiyəyə də öz təşəkkürümüzü bildirmək istərdik".

H.Hacıyev deyib ki, ümumiyyətlə, Yəməndə 20-yə yaxın Azərbaycan vətəndaşı vardı. Onların da əksəriyyəti birgə nikahda olan şəxslərdir: "7 nəfər Azərbaycan vətəndaşı Yəməndə də akkreditasiya olunmuş Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfirliyində konsulluq qeydiyyatından keçib. Xarici İşlər Nazirliyinin təlimatı əsasında Səudiyyə Ərəbistanındakı Səfirliyimiz Yəməndə olan bütün Azərbaycan vətəndaşları ilə əlaqələndirməni davam etdirir. Yəməndəki hadisələr ilə əlaqədar 2015-ci ilin fevral ayından etibarən Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfirliyinin internet səhifəsində qaynar xətt fəaliyyət göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə