YAP Nəsimi rayon gəncləri hesabat verdi FOTOLAR

YAP Nəsimi rayon gəncləri hesabat verdi FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı Gənclər Birliyinin IV Hesabat Seçki konfransı keçirilib. SİA-nın xəbərinə görə konfransda YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, YAP Nəsimi rayon təşkilatı İdarə heyətinin üzvü Nəsib Məhəməliyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və digər qonaqlar iştirak ediblər.

Konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb. YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri Sərraf Hüseynov tədbiri açıq elan edərək hesabat məruzəsi ilə çıxış edib. S.Hüseynov gənclərin partiya sıralarına qürur hissi ilə qoşulduqlarını deyərək vurğulayıb ki, məhz partiyada təmsil olunan gənclərimiz Azərbaycanın gələcək inkişaf və tərəqqisi istiqamətində inamla addımlayırılar: "YAP Nəsimi rayon təşkilatında 13119 gənc təmsil olunur ki, onların da 5 mini qadınlardır. YAP gəncləri hər zaman onlara göstərilən diqqət və qayğını ön götürərək, bütün sahələrdə öz sözlərini deməkdədirlər. Bu baxımdan, Nəsimi rayon təşkilatının gəncləri də öz fəallıqları, uğur və müvəffəqiyyətləri ilə daim seçiliblər. Seçki proseslərində, digər təbliğat və təşviqat proseslərində YAP Nəsimi rayon təşkilatının gəncləri öz işlərinin öhdəsindən kifayət qədər gəlməyi bacarıblar. Mən onlara və partiyamızın bütün gənclərinə uğur və qələbələr arzu edirəm".

Təşkilatı məsələlərə baxılaraq YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinə 61 nəfər gənc şura üzvü, 27 nəfər gənc idarə heyətinə üzv, 17 nəfər gənc isə YAP Gənclər Birliyinin Respublika Konfransına nümayəndələr seçilib. Həmçinin Gənclər Birliyinin yeni sədri və müavinləri də təqdim ediliblər. Belə ki, "BTE" ASC-nin sədr müavini Elnur Rəhimov YAP Nəsimi rayon Gənclər Birliyinin yeni sədri vəzifəsinə təyin olunub.

Gənclər Birliyinin Qətnaməsi səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib.

Daha sonra çıxış edən YAP GB-nin sədri Seymur Orucov qeyd edib ki, o, Azərbaycan gənclərinin istər ölkədə, istərsə də xaricdə göstərdikləri fəaliyyətlərindən qürur hissi keçirir: "Bu gün xarici ölkələrdə təhsil alan gənclərimiz Respublikamızın önəmli tarixi günlərində çox möhtəşəm tədbirlər həyata keçirir, Azərbaycanımızın haqq səsini dünyaya çatdırırlar. Sevindirici haldır ki, bu gənclərin böyük əksəriyyəti məhz Yeni Azərbaycan Partiyasının təmsilçiləridirlər. O cümlədən, ölkəmizdə YAP-ı təmsil edən gənclərimiz bu ardıcıllığı əsas götürərək, hər zaman Ulu Öndər Heydər Əliyev siyasətinin təməli prinsipləri fonunda nailiyyətlər qazanırlar. Eyni zamanda, gənclərimiz Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında daha da sıx birləşərək, ölkəmizin inkişafında öz sözlərini deməkdədirlər. Bütün gənclərimizə bu işlərində uğurlar arzulayır, fəaliyyətlərini daha da genişləndirərək böyük layihələrə imza atmalarını diləyirəm".

YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı öz çıxışında ölkə gənclərinin təşəbbüsü ilə keçirilən tədbirlərdən söz açdı. Gəncliyin mübarizlik olduğunu deyən M.İbrahimqızı Azərbaycan gənclərinin ölkənin bütövlüyü uğrunda canlarından keçməyə hazır olduqlarını bildirib: "Gənclərin ölkənin ictimai-siyasi, iqtisadi və elmi-mədəni həyatında fəal iştirakını yüksək qiymətləndirir, onların sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi istiqamətində bundan sonra da təsirli tədbirlərin həyata keçiriləcəyinə inanıram".

Gənclərə müraciət edərək onlar tərəfdən gələn ideyaların, təkliflərin hər zaman dəstəkləndiyini söyləyən sədr bacarıq, təşəbbüs və zəhmətsevərliyi ilə seçilən istedadlı tələbələrin inkişafı üçün ölkədə geniş imkanların olduğunu sözlərinə əlavə edib.

Çıxışı zamanı Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev Azərbaycan gəncliyinin böyük əksəriyyətinin Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə müdafiə etdiklərini qeyd edərək vurğulayıb ki, bu gün Azərbaycan gənclərinin özlərinin realizə etmək üçün ölkəmizdə kifayət qədər imkanlar var: "Çünki Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən biri kimi diqqətə alınır və daim bu yöndə işlər aparılır. Məhz aparılan konkret fəaliyyətin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edərək adlarını ən layiqli yerlərə yazdırmağa müvəffəq olurlar. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır".

YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə öz çıxışında bugünkü Azərbaycan gəncliyinin istəyi ölkəmizdə fəaliyyət göstərmək, həmçinin yaxşı təhsil almaq, mütəxəssis olmaq, vətənə, ölkəyə xidmət göstərmək olduğunu qeyd edib. M.Qurbanlı gənclərimizin vətənə, millətə bağlılığını özündə nümayiş etdirən hadisələri qeyd edərək Azərbaycan gəncliyinin nə qədər dərrakəli, ağıllı bir gənclik olduğundan sevinc, qürur hissi duyduğunu dilə gətirib: "Gənclik hər zaman vətənin, millətin, xalqın inkişafı üçün öz enerjisini qoymağa hazır olduğunu nümayiş etdirir. Azərbaycan gəncliyi də bu gün ölkədə gedən ictimai-siyasi prosesi dərindən mənimsəyib, Ölkə başçısı İlham Əliyevin Azərbaycanın sosial-iqtisadi inkişafı üçün həyata keçirdiyi siyasətin bizim üçün nə qədər əhəmiyyətli olduğunu görməkdədir. Ona görə də bu gün Azərbayan gəncliyi Ölkə Prezidentini, Onun sədri olduğu Yeni Azərbaycan Partiyasını dəstəkləyir və bu siyasətin arxasınca getməyi özlərinə borc bilirlər. YAP digər siyasi partiyalardan fərqlənən bir partiyadır. Onu digərlərindən fərqləndirən cəhətlərdən ən önəmlisi isə Ulu Öndər Heydər Əliyev ideyalarına söykənməsidir. Digər fərqi partiyamızın tərkibində Azərbaycan cəmiyyətinin ən yüksək səviyyədə dayanan intellektə malik olan təbəqənin toplanmasıdır ki, bu da bizim uğurumuzdur".

YAP rəsmisi həmçinin gənclərə öz fəaliyyətlərində uğurlar arzu edib.

Konfransın sonunda YAP Gəncləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət oxunub.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə