CAR-da soyqırımla bağlı sərgi təşkil olunub

CAR-da soyqırımla bağlı sərgi təşkil olunub

Bu gün Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı Səfirliyi Xocalı Soyqırımının iyirminci üçüncü ildönümü və 31 mart Azərbaycanlıların Soyqırımı ilə əlaqədar Səfirliyin binasında Heydər Əliyev Fondunun təqdim etdiyi fotoşəkillər və kitablardan ibarət sərgi təşkil edib. SİA-nın məlumatına görə, sərgidə 31 mart Azərbaycanlıların Soyqırımı və Xocalı faciəsinin tarixi və ağır nəticələri haqda geniş məlumat verilib və Xocalıda Azərbaycanlılara qarşı soyqırım həyata keçirildiyi vurğulanıb. Sərgi zamanı qonaqlara həmçinin Xocalı Soyqırımının iyirmi üçüncü ildönümü və 31 mart Azərbaycanlıların Soyqırımı haqda məlumatlar əks edilmiş broşurlar paylanıb və Azərbaycanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı ədalətli mövqeyi diqqətə çatdırılıb.

Tədbiri açıq elan edən Səfir Elxan Poluxov hər iki soyqırım barəsində qonaqlara geniş məlumat verərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırki günədək öz həlli yolunu tapmadığı bildirilmiş və Azərbaycanın münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini vurğulayıb.

Çıxışda Heydər Əliyev Fondunun və onun vitse-Prezidenti xanım Leyla Əliyevanın bu istiqamətdə apardığı geniş iş və onun əhəmiyyəti barədə söz açılıb və edilən səylər nəticəsində Xocalı soyqırımının bir çox ölkələr tərəfindən tanındığı tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Çıxışın sonunda Səfir E.Poluxov münaqişənin həlli ilə bağlı beynəlxalq ictimaiyyəti və qonaqları Ermənistanın təcavüzünə qarşı qəti və güclü mövqedə dayanmağa və Xocalı soyqırımını tanımağa çağırmışdır.

Qeyd etmək istərdik ki, dövlət nümayəndələri, CAR-lı iş adamları, CAR diplomatik korpusu, həmyerlilərimiz və KİV nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə