Mərkəz sədri: “Bu, klassik olaraq İranın şiə inqilabı ixrac etməsidir”
"Yəmən hadisələrini bölgə və beynəlxalq münasibətlər sistemində şiə geopolitikasının genişləməsi olaraq görmək də mümkündür". Bunu SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatəm Cabbarlı deyib.
H. Cabbarlı qeyd edib ki, bu gün Yaxın Şərq və Ərəb coğrafiyası sözün həqiqi mənasında qaynar qazandır və xüsusilə "Ərəb baharı"ndan sonra vəziyyət daha qarışıq hal alıb: "Bu gərgin və qarışıq mühitdə İran şiə coğrafiyasını genişləndirmək istəyir. Yəni qonşu dövlətlərdə şiələrin siyasiləşməsini, hətta hakimiyyətə gəlməsi üçün cəhdlər edir. Bu ABŞ və Avropanın Yaxın şərqdə geosiyasi mübarizəsində İranın yeni strategiyası kimi də dəyərləndirilə bilər.
Yəməndə "Husi"lərin ("Ənsarullah" hərəkatı-şiələr) qiyamından sonra yaşanan hadisələri və verilən reaksiyalar diqqətə alındığında bunun ABŞ-Səudiyyə Ərəbistanı və İran-Rusiya arasında maraqların toqquşması kimi təsnif etmək məncə doğru olmazdı. Əlbəttə müəyyən nüanslar ola bilər amma bu münaqişənin əsl səbəbi deyil. Belə ki, Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti ilə telefon əlaqəsi saxlayaraq problemin daha da gərginləşməməsi üçün əlindən gələni etməyə dəvət edib".
"Bu klassik olaraq İranın şiə inqilabı ixrac etməsidir. Regionda və ümumən dünyada yaşanan xaosda İran öz siyasətini həyata keçirməyə uyğun şərait görüb. Amma qiyama münasibətdə digər ərəb dövlətlərinin Yəmən hökumətini dəstəkləməsi və hətta qısa zamanda hərbi koalisiya yaradaraq qiyamçılara qarşı hava və quru əməliyyatına başlamaları böyük bir ehtimalla İranın hesablamalarında yox idi. İran bu cür sərt reaksiya gözləmirdi. Ərəb dövlətləri Yəmən hadisələri zamanı heç vaxt olmadığı kimi həmrəylik nümayiş etdirərək İrana cavab verdilər. İran bundan sonra qiyamçıların hərbi hərəkətlərini məhdudlaşdıra bilər. Amma münaqişənin şiə qruplaşmasının əleyhinə nəticələnməsi ilə heç vaxt barışa bilməz. Bu İranın şiə ideologiyası üzərində qurulmuş dövlətçilik düşüncəsinə ziddir və şiə hakimiyyətinin legitimliyini şübhə altına alacaq amildir. Ərəb dövlətləri hər nə qədər ABŞ və Avropadan siyasi dəstək alsalar da, bu münaqişənin qısa zamanda həll edilmə imkanı zəifdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB