YAP Xəzər rayon təşkilatının Gənclər Birliyinin konfransı keçirildi

YAP Xəzər rayon təşkilatının Gənclər Birliyinin konfransı keçirildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Xəzər rayon təşkilatının Gənclər Birliyinin IV konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, Xəzər rayon İcra hakimiyyətinin başçısı Gülağa İslamov, millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov, Xəzər İnkişaf Fondunun rəhbəri İlqar Mustafayev, YAP Xəzər rayon təşkilatının gəncləri və media nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov konfransın işini açıq elan edərək bildirib ki, partiyanın rayon təşkilatının gənc üzvləri daim öz fəallıqları ilə seçiliblər: "Məhz bu fəallıq partiyamızın bütün gənc üzvləri tərəfindən göstərilməkdədir. Bu isə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsinin bariz və məntiqi nəticəsidir".

Sonra konfransın gündəliyi müəyyən olundu və iştirakçılar tərəfindən yekdilliklə qəbul edilib.

YAP Xəzər rayon GB-nin sədri Taleh Məmmədov öz çıxışında qeyd etdi ki, məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yürütdüyü gənclər siyasəti nəticəsində Azərbaycan gənci hər yerdə öz uğurlu sözünü deyir: "Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev cənabları Respublikada gənclər siyasətini uğurla davam etdirir. Bütün bu naliyyətlər bələdiyyə və parlament seçkilərində də öz bariz nəticəsini göstərib".

Daha sonra çıxış edən YAP Xəzər rayon təşkilatının GB-nin üzvləri öz məruzələrində çıxış edərkən, müxtəlif istiqamətdə əldə olunan uğurlara toxunaraq bildiriblər ki, onların hər biri Azərbaycan gənci olaraq, Prezident İlham Əliyevin ətrafında daha da sıx biləşərək, ölkəmizin inkişaf və tərəqqisində öz töhfələrini verməyə davam edəcəklər.

Məruzələrdən sonra YAP Xəzər rayon GB-nin fəaliyyəti qənaətbəxş elan olunub. Sonra rayon təşkilatının GB-nin 28 nəfər şura üzvü, eyni zamanda idarə heyətinin 18 nəfər üzvü seçilib. Taleh Məmmədov yenidən YAP Xəzər rayon təşkilatının GB-nin sədri seçilib.

Daha sonra söz YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzova verilib. Siyavuş Novruzov gənclərə öz tövsiyə və arzularını bildirərək vurğulayıb ki, YAP Xəzər rayonunun gəncləri ölkədə xüsusi fəallıqları ilə seçiliblər: "İstər sosial şəbəkələrdə, istərsə də digər təbliğat işlərində rayon gəncləri uğurlu nəticələr əldə ediblər. Bu günün gəncləri partiyamızın gələcəyinin təminatçıları kimi qarşıda çox işlər görəcəklər. YAP-da 650 mindən çox əqidədaşımız toplaşıb. Onların 40 %-ni isə gənclər təşkil edir. Ötən 2014-cü ilin göstəricilərinə müraciət etsək görərik ki, 24 min nəfər YAP sıralarına üzv olub. Onların da 78%-i gənclərdir. Bu, həm də onun göstəricisidir ki, Yeni Azərbaycan Partiyası regionun ən güclü partiyasıdır".

Siyavuş Novruzov onu da vurğulayıb ki, bu gün YAP-ın qocaman üzvləri də gənclərimizi elə bir ruhda tərbiyələndirməlidirlər ki, gənclərimiz öz dövlətçilik, vətənsevərlik fəaliyyətlərində daha da məsuliyyətli olsunlar: "Gənclərimiz sual etməməlidirlər ki, Vətən mənim üçün nə edib, sual verməlidirlər ki, mən Vətən üçün nə etmişəm. Bu gün Azərbaycan dünyanın hər bir yerində müstəqil siyasət yürüdən ölkə kimi tanınmaqdadır. Məhz gənclər siyasəti də öz müstəqilliyi ilə seçilməkdədir. YAP layihələr çərçivəsində Yay və Qış məktəbləri təşkil edir və qürurverici haldır ki, artıq həmin layihə proqramlarına rəhbərliyi gənclər reallaşdırır. Hansı ki, daha öncəki illərdə layihə proqramlarına millət vəkillərimiz, ziyalılarımız, nüfuzlu siyasi xadimlərimiz rəhbərlik edirdilər. Məhz bu da bizim gəncliyimizn, partiyamızın gəncliyinin uğurlarının tərkib hissəsi kimi dəyərləndirilməlidir".

YAP İcra katibinin müavini qarşıdan gələn I Avropa Oyunları barədə də fikirlərini bildirib: "Bilirik ki, qarşıdan möhtəşəm I Avropa Oyunları gəlir və bizim gənclər bütün fəaliyyət istiqamətlərində olduqları kimi, bu möhtəşəm tədbir ərəfəsində də öz fəallıqlarını göstərməlidirlər. Təbliğat-təşviqat işlərində əzmlə çalışmalı, ölkəmizə gələcək xarici qonaqlara Azərbaycanın zəngin tarixi barədə bilgilər verməlidirlər. Təklif edirəm ki, YAP gəncləri mobil qruplar yaratmalı bu sahədə fəaliyyətlərini davam etməlidirlər".

Siyavuş Novruzov son olaraq vurğulayıb ki, Azərbaycan gəncliyi məhz Prezident İlham Əliyevin ətrafında sıx biləşərək, öz potensial və bacarıqlarını artırıb, ölkəmizin inkişafında öz qətiyyətli sözlərini deyəcəklər.

Sonra çıxış edən millət vəkili Rauf Əliyev bildirib ki, konfransda nütün perspektiv planlar barədə danışıldı: "Bu, bir daha təsdiq edir ki, gənclər daim bizlərin nəzarətindədirlər. Biz onlar barədə maraqlanır, bir yerə yığışaraq, onların perspektivləri barədə fikir mübadilələri aparırıq. Gənclərimizə göstərilən qayğı ildən-ilə, gündən-günə artmaqdadır. Hazırda Xəzər rayonunda gənclərlə bağlı mütəşəkkil iş qurulub və bundan sonrakı işlərdə də hər birinizə uğurlar arzu edirəm".

Daha sonra çıxış edən Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov da öz çıxışında qeyd edib ki, Bu gün Azərbaycan gəncləri xoşbəxtdirlər. Xoşbəxtdirlər ki, onların İlham Əliyev kimi Prezidentləri var. Xəzər rayonunun inkişafı da göz önündədir. Yeni infrastrukturlar, səhiyyə, təhsil ocaqları, digər komplekslərin hər biri cənab Prezidentin göstərdiyi diqqət və qayğının nəticəsidir".

Konfransın sonunda YAP Xəzər rayon təşkilatının gənclərinə uğur və müvəffəqiyyətlər arzulanıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə