YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib TƏDBİR-FOTOLAR

YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib TƏDBİR-FOTOLAR

Bu gün Nərimanov Rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı, tələbə-gənclər təşkilatlarının sədrləri və gənc fəallar iştirak ediblər.

Konfransı giriş sözü ilə açıq elan edən YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı ötən müddət ərzində görülmüş işlərə dair hesabatı təqdim edərək gənclərin partiya tərəfindən təşkil etdiyi bütün tədbirlərdə aktiv iştiraklarını nəzərə çatdırıb: "Gənclər tərəfindən irəli sürülən ideyalar, təkliflər hər zaman rəhbərlik tərəfindən dəstəklənir ki, bu da bizim bacarıq, təşəbbüs və zəhmətsevərliyi ilə seçilən istedadlı gənclərimizə bir növ güc verir".

Y. Babanlı həmçinin Azərbaycanda gənclər siyasətinin inkişafı istiqamətində bir çox işlərdən, sosial-iqtisadi, elmi-mədəni sahələrdə gənclərin irəliləməsi üçün yaradılmış şəraitdən danışıb.

Nərimanov rayonunda yerləşən universitetlərin tələbə gənclər təşkilatlarının sədrləri çıxışları zamanı Yeni Azərbaycan Partiyasının sıralarında olmağı özlərinə fəxr, qürur bildiklərini qeyd edərək əsası Ulu Öndər tərəfindən qoyulmuş YAP-nın rəhbərliyinin onlara göstərdikləri diqqət və qayğını yüksək dəyərləndiriblər.

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov öz çıxışında Azərbaycanda gəncliyin potensialına böyük önəm verildiyini, daim onların problemlərinin həll istiqmətində genişmiqyaslı işlərin görüldüyünü vurğulayıb: "Gənclərin müasir cəmiyyətdə mövqeyinin daha da möhkəmlənməsi istiqamətində gerçəkləşdirilən işlər bu gün öz müsbət nəticələrini verməkdədir. Əldə edilən uğurlar isə Nərimanov rayon gənclərinin bundan sonrakı müddətdə daha fəal olmağa sövq edir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncliyi daim xoşbəxt və firavan gələcəyə doğru qürurla addımlayacaq".

Daha sonra Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxış edərək YAP sıralarında günü-gündən artan gənclərin cəmiyyətimizin aparıcı qüvvəsinə çevrildiyini qeyd edib: "Gənclərimiz daim ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək, özünəməxsus yerlər tutmaqdadırlar. Sevindirici haldır ki, YAP-nın ətrafında sıx birləşən gənclərin hər biri yüksək elm, intellekt sahibi olan gənclərdir. Bu bizi qürurlandırır. Dövlətimizin onlara verdiyi stimul nəticəsində öz potensiallarından səmərəli istifadə edərək gənclərimiz bundan sonra da öz fəaliyyətlərini ölkəmizin dinamik inkişafı istiqamətində quracaqlarını əminliklə söyləyirəm.

YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxışı zamanı gənclərin partiya sıralarında fəaliyyətini yüksək dəyərləndirərək qeyd edib ki, gənclərin ən böyük xoşbəxtçiliyi müstəqil Azərbaycanın gəncləri olmağıdır: "Müxtəlif nəsillər müxtəlif dövrlər var ki, bir-birini əvəzləyir. Amma əsas odur ki, bizim partiyada bunlar arasında möhkəm bağ mövcud olur. YAP-ın bu gün 600 min-dən çox üzvü var ki, onların da böyük əksəriyyəti gənclərdən ibarətdir. Vaxt var idi ki, partiya sıralarında gənclərin sayı çox az idi. Zamanla YAP-ın ölkəmiz, dövlətimiz, xalqımız üçün apardığı işlər, həyata keçirdiyi islahatlar gənclərin bu partiyaya üz tutmasına səbəb oldu, gənclərin fəaliyyətinə geniş imkan yaratdı. Mən YAP Gənclər Birliyinin ilk sədri olmuşam. O illərdə də biz yorulmadan partiyamızın tərəqqisi və inkişafı naminə davamlı səylərimizi əsirgəməmişik. Artıq bizi əvəzləyən gənc nəsil yetişib və onlar da partiyanın məramı naminə yorulmaz fəaliyyətlərini uğurla davam etdirirlər. Bu da onu göstərir ki, YAP inkişaf partiyası olmaqla yanaşı, həmçinin gənclərin partiyasıdır. Onların inkişafı üçün bir siyasi meydan veririk ki, dövlətçiliyimizin inkişafında fəaliyyət göstərsinlər. Dünyada sabitlik adası kimi tanınan Azərbaycanın gələcəyi məhz bu gənclərin əlindədir. Bu baxımdan da onlar bu sabitliyi, bu inkişafı daha irəliyə aparmağı özlərinə borc bilməlidirlər.

Çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycanda gənclərin dövlət quruculuğu sahəsində müstəsna rolundan, onların ictimai- siyasi proseslərdə fəal iştirakından söz açaraq, Azərbaycan gənclərinin beynəlxalq arenada layiqli yer tutmasından danışıb. Natiq qeyd edib ki, YAP-nın qurucusu Ulu Öndər Heydər Əliyev daim gənclərə böyük inam göstərərək, onların qüvvəsinə güvənib: "Gənclər cəmiyyətimizin böyük əksəriyyətini təşkil edir, onlar bizim bu günümüz, həm də gələcəyimizdir. Biz, Azərbaycan dövləti, xalqımız gənclərə böyük ümidlər bəsləyirik. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasətinin gənclərin həyatında mühüm rolu olduğu danılmaz faktdır. Bu məqsədlə də gənc nəsil YAP-ın ətrafında, cənab İlham Əliyevin ətrafında sıx birləşib".

Sonra konfransda təşkilati məsələlərə baxılıb. YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin 43 nəfər şura, 25 nəfər idarə heyətinin üzvləri, sədr və müavinləri, həmçinin YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib. Səsvermə nəticəsində Yusif Babanlı YAP Nərimanov rayon Gənclər Birliyinin yenidən sədri vəzifəsinə, Azər Quliyev, Nihad Quliyev, Günay İmanova isə müavinlər seçiliblər.

Sonda YAP sıralarına qoşulan gənclərə partiya vəsiqələri təqdim olunub.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə