ARGTMŞ hesabat verib

Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) 2014-cü il üzrə hesabat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda dövlət rəsmiləri, ARGTMŞ-ın tərəfdaşları, üzvü olan gənclər təşkilatlarının rəhbərləri, fəal gənclər və mətbuat nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə ARGTMŞ-ın 2014-cü il üzrə hesabat nitqi ilə çıxış edib. O vurğulayıb ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 2014-cü ildə də, fəaliyyətini 3G strategiyası ətrafında davam etdirib: "Gənclər Təşkilatları Milli Şurası ötən il ərzində dünyanın və Avropanın ən böyük gənclər platformlarının idarə heyətinin iclasına ev sahibliyi edib. Eyni zamanda təşkilat dünyanın ən böyük gənclər platforması olan "Dünya Gənclər Asambleyası"nın (WAY) idarə heyətinin üzvü seçilib. Təşkilat strategiyası çərçivəsində BMT-nin gənclər proqramları çərçivəsində mühüm tədbirlərdə iştirak edib və əməkdaşlıq əlaqələri qurub. Fəaliyyətinin bütün mərhələlərində ARGTMŞ dövlətin prioritetlərini dəstəkləyib, dünyanın aparıcı gənclər platformalarında Azərbaycanı təmsil edib və maraqlarını qoruyub. Təşkilatın fəaliyyətində gənclər təşkilatları institutunun gücləndirilməsi istiqamətində bir sıra mühüm fəaliyyətlər həyata keçirilib və üzv təşkilatların inkişafı üçün bir sıra tədbirlər həyata keçirilib".

Ş.Seyidzadə həmçinin təşkilatın Dövlət Gənclər Proqramının bir sıra maddələrinin icrası və Azərbaycan Gənclər Siyasətinə dəstək verilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirdiyini vurğulayıb. Çıxışında 2015-ci ildə təşkilatın görəcəyi işlərdən də söz açan Şahin Seyidzadə 2015-ci ilin payızında ARGTMŞ-ın 300 nəfərin iştirakı ilə Avropa Gənclər Forumunun Üzvlərinin Məclisinə ev sahibliyi edəcəyini qeyd edib.rnSonra, 1995-ci ildən bəri, artıq 20 ildir fəaliyyət göstərən ARGTMŞ-ın 20 illik konsepsiyası nümayiş etdirilib və BMT Baş Katibinin gənclər üzrə elçisi Əhməd Əlhəndavinin 20 illik ilə bağlı təbrik məktubu oxunulub.

Tədbir zamanı 2014-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və ARGTMŞ tərəfindən həyata keçirilən "Azərbaycan Könüllülük Xidməti" Proqramının hesabatı dinlənilib və "İlin Könülüsü" mükafatının təltif etmə mərasimi keçirilib.

Tədbirin gedişatında 2015-ci ildə ARGTMŞ-ın tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə start verilən və kənd gənclərinin inkişafını nəzərdə tutan "Yerli Gənc" Proqramının təqdimat mərasimi keçirilib. Qeyd olunub ki, proqram Azərbaycan Respublikası Prezidenti tərəfindən "Kənd təsərrüfatı ili" elan olunması ilə kəndlərdə insan kapitalının inkişafı zərurətini nəzərə alaraq həyata keçirilir. Tədbir rəsmi çıxışlarla davam edib.

Qeyd edək ki, təşkilatın rəsmi hesabatı ilə www.hesabat.nayora.az ünvanında yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə