Azadlıq Partiyası AXCP və Milli Şuranı yıxıb-sürüdü

Azadlıq Partiyası AXCP və Milli Şuranı yıxıb-sürüdü

"Hesab edirəm ki, mövcud şərtlər daxilində, eləcə də Azərbaycanda cərəyan edən hadisələr ətrafında iqtidar-müxalifət nümayəndələrinin bir masa ətrafında əyləşməsi, müzakirələr aparması daha doğru yanaşmadır nəinki heç bir təsiri olmayacaq aksiyaların keçirilməsi". Bu sözləri SİA-ya açıqlamasında Azadlıq Partiyasının sədri Əhməd Oruc Milli Şuranın mitinq keçirməsi iddiasına münasibətini bildirərkən deyib.

"Yanlış yanaşmadır"

Onun sözlərinə görə, Milli Şuranın keçirəcəyi mitinqə Azadlıq partiyası heç bir dəvət almayıb və rəhbərlik etdiyi təşkilat hətta dəvət alsaydı belə, sözügedən aksiyada iştirak etməyəcəkdi: "Onlar hesab edirlər ki, Azərbaycanda yeganə müxalifət partiyası məhz özləridir. Bu yanaşma da təbii ki, müxalifət düşərgəsində parçalanmaya səbəb ola biləcək bir yanlış yanaşmadır. Bizim fikrimizcə, Azərbaycanın bütün müxalifət partiyaları bir araya gəlməli və mümkün qədər ciddi təsir vasitəsinə çevrilməlidir. Boş iddialarla isə heç bir nəticə əldə etmək qeyri-mümkündür".

"İctimai rəydə müəyyən aktivlik müşahidə olunur"

Əhməd Orucun sözlərinə görə, müxalifət partiyalarının əsas məqsədləri hakimiyyətə gəlmək üçün bu və ya digər seçkilərə qatılmaqdan ibarətdir. Ancaq bunu da sivil yolla həll etmək gərəklidir: "Yəni biz, mövcud proqramlarımızı, platformalarımızı hansısa hakimiyyət strukturunda təmsil olunmaqla həyata keçirə bilərik. Eyni zamanda, Azərbaycanda baş verən hadisələrlə bağlı müəyyən layihələr hazırlayıb ictimai rəyə təqdim etməklə öz mövqeyimizi ortaya qoyuruq. Cəmiyyət tərəfindən bizim fəaliyyətimiz əsasən seçkilər öncəsi xüsusi qeyd olunur. Həmin ərəfədə ictimai rəydə də müəyyən aktivlik hiss olunur. Buna görə də biz həmin vaxtlar daha aktiv fəaliyyət göstərməyə çalışırıq. Ancaq ümümi götürəndə, biz bütün il boyu öz fəaliyyətimizi davam etdiririk. Bir sözlə, gələcəklə bağlı planlarımızda hazırki fəaliyyətimizdən fərqli bir düşüncəmiz yoxdur".

"Biz illərdir ki, bu məsələnin Azərbaycanda da formalaşmasını arzulayırdıq"

Siyasi təşkilat rəhbəri iqtidar-müxalifət dialoqu ilə bağlı müsbət nəticələrin əldə olunacağına şübhə etmədiyini deyib və bildirib ki, Azadlıq Partiyası dialoq mühitinin ən böyük tərəfdarlarından biridir: "Uzun illərdir biz bildirirdik ki, normal ölkələrdə və cəmiyyətlərdə millətin hər hansısa problemləri, hakimiyyət və müxalifətin təmsilçilərinin məsələyə münasibətinin müqayisəli təhlili əsasında həll olunur. Bir çox nüfuzlu Qərb dövlətlərində də bu məsələ məhz bu yolla aparılır. Biz illərdir ki, bu məsələnin Azərbaycanda da formalaşmasını arzulayırdıq. Məhz sevindirici haldır ki, hazırki dövrdə hakimiyyətlə müxalifət müəyyən məsələlərin müzakirəsində birlikdə iştirak edirlər. Müxalifət nümayəndələrinin böyük əksəriyyəti də prossesin məhz dialoq ətrafında aparılmasının tərəfdarı kimi çıxış edirlər. Hesab edirəm ki, bu həm cəmiyyətimiz üçün, həm də hakimiyyətlə müxalifətin arasında uçurumun yaranmaması baxımından çox uğurlu bir hadisədir. Düşünürəm ki, hazırki mühiti qoruyub-saxlaya bilsək, inkişaf etdirə bilsək bu faktor Azərbaycan dövlətçiliyi üçün də çox vacib məsələlərdən biri kimi ön planda dayanar".

"Bu cür dialoqların müntəzəm olaraq keçirilməsinin əhəmiyyəti çox yüksəkdir"

Əhməd Oruc müxalifətin radikal kəsiminin xarici dairələrlə işlədiyini və sifarişlər əsasında fəaliyyət göstərdiyini də istisna etməyib. O, həmçinin qarşı tərəfin – AXCP və Milli Şura təmsilçilərinin onları hakimiyyətə işləməkdə ittiham etməsinə də sərt münasibət bildirib: "Azərbaycan elə coğrafi mühitdə yerləşir ki, ölkəmizi çox saylı təhdidlər əhatə edib. Bütün bunların qarşısını ala bilmək üçün də bu cür dialoqların müntəzəm olaraq keçirilməsinin əhəmiyyəti çox yüksəkdir. Məncə bunu Azərbaycanı düşünən hər bir şəxs dərk edir.
Mən birmənalı olaraq, 1988-ci ildən iştirak etdiyim prosseslərdə milli maraqlardan çıxış edənlərdənəm. Xalq hərakatı dövründə də, AXCP-nin hakimiyyətdə olduğu dövrdə də, hətta "Demkonqres"in fəaliyyəti zamanı da belə olub. Bu prosseslərdə iştirak edən şəxslər də mənim bu mövqeyimi yəqin ki, çox yaxşı bilirlər və xatırlayırlar. Ancaq ayrı-ayrı siyasətçilər çox vaxt bu mövqedən çıxış etmirlər və hansısa sifarişçilərin iradəsinin ifadəçisi qismində fəaliyyət göstərirlər. Bu kənar sifarişçi qüvvələr Qərb də, Şərq də, Cənub da, Şimal da ola bilərlər".

"Müxtəlif rənglərə büründülər"

Azadlıq Partiyasının sədri AXCP sədri Əli Kərimliyə eyham vuraraq, onun bir zamanlar komsomolçu fəaliyyətini də xatırladıb: "Azərbaycanda hazırda elə qüvvələr var ki, zamanında bunlar hamısı komunnist, komsomol olublar . Ancaq sonrakı dövrdə "demokrata", "liberal demokrata" çevriliblər. Həmçinin, rəngli inqilab başladığı vaxtlarda da müxtəlif rəngli oldular. Daha sonra "İslam oyanışı" ərəfəsində baş verən "ərəb baharı"nda yaşıl rəngə büründülər... Ancaq daha sonra yenidən çevrilib "demokrat" oldular. Yəni, bu rəngdəyişmə, mövqedəyişmə Azərbaycan müxalifətinin bəzi nümayəndələrində mövcuddur. Məhz bu xüsusiyyət, həmin mövqe bizlərdən uzaqdır. Hesab edirəm ki, istənilən bir şəxs öz təbliğatı üçün hansısa fikirlər söyləyə bilər. Ancaq həmin fikirləri səsləndirdiyi zaman müəyyən dərəcədə ehtiyatlı olmalı və qarşısındakı şəxsin kimliyini unutmamalıdır!"

"Artıq kimin günahkar olmasını araşdırmaq istəmirik"

Azadlıq Partiyasının sədri onun və təmsil olunduğu "Azadlıq-2015" Seçki Blokunun hakimiyyətə işləmələri ittihamlarına da mövqe bildirib. O, qeyd edib ki, onların hakimiyyətə çalışmaları ilə bağlı yayılan fikirlər cəfəngiyyatdan başqa bir şey deyil: "Biz artıq kimin günahkar olduğunu araşdırmaq da istəmirik. Çünki bu müxalifətdə daxili parçalanmaları dərinləşdirə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə