Qadınlarımız Niderlandda toplandılar

Qadınlarımız Niderlandda toplandılar

"Ana Vətən" Nederland Azərbaycanlı Qadınlar Birliyi Hollandiyanın Haaqa şəhərində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram şənliyi təşkil edib. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, tədbirdə 70-dək azərbaycanlı və digər millətlərdən olan xanımlar, Niderland Krallığında fəaliyyət göstərən bir çox təşkilatların nümayəndələri iştirak edib.

Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbirdə uzun sürən xəstəlikdən sonra bu ilin yanvarında vəfat etmiş, "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin yaradıcısı Gülşən Kazımova-Atəşin xatirəsinin bir dəqiqəlik sükutla anılıb, daha sonra onun həyat və yaradıcılığı haqqında müzakirələr aparılıb.

Bayram tədbirində 8 Mart Beynəlxalq Qadınlar Gününün yaranma tarixi barədə məlumat verilib. İştirakçılar "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin fəaliyyətindən geniş bəhs ediblər. Təşkilatın işlərində fəallıq göstərən xanımlara fəxri fərman və hədiyyələr təqdim edilib. Bundan başqa, iştirakçılar arasında Azərbaycan haqqında maraqlı və əyləncəli suallardan ibarət viktorina keçirilib və qaliblər mükafatlandırılıb.

Beynəlxalq Qadınlar Gününə həsr olunmuş toplantıda Niderland Krallığında yaşayan və iş həyatında uğur qazanmış xanımlar haqqında iştirakçılara məlumat verilib.

Tədbirdə iştirak edən Beneluks Azərbaycan Konqresinin (BAK) vitse-prezidenti və "Brabant Azərbaycanlıları Məclisi"nin sədri Ofeliya Babayeva, BAK İcra Aparatının rəhbəri və "Nord Holland Azərbaycanlıları İttifaqı"nın sədri Sima Cəfərova, "Odlar Yurdu" təşkilatının rəhbəri Firəngiz Bağırova çıxış edərək bütün xanımları 8 Mart-Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib, "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinə azərbaycanlı xanımları bir araya topladığı və onlara əsl bayram sevinci yaşatdığı üçün təşəkkür ediblər.

Müğənni Bəxtiyar Eybalıyev musiqiləri ilə qadınların bayramına rəng qatıb. Sonda bütün iştirakçılara gül dəstəsi təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə