Fərasət Qurbanov: “Bu çağırış qısqanclıqdan qaynaqlanır” MÜNASİBƏT

Fərasət Qurbanov: “Bu çağırış qısqanclıqdan qaynaqlanır” MÜNASİBƏT

""Amnesty İnternational" adlı beynəlxalq təşkilatın sanki heç bir işi-gücü yoxdur, ancaq digər ölkələrin daxilində gedən prosesləri müzakirə etməklə məşğuldur. Azərbaycanda keçiriləcək I Avropa Oyunlarını boykot etmək çağırışı ancaq qısqanclıqdan qaynaqlanır". Bu fikirləri SİA-ya Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov adı çəkilən təşkilatın ölkəmizdə keçiriləcək I Avropa Oyunlarını boykot etmə çağırışına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu cür qərəzli təşkilatlar öz ölkələrindən başqa digər ölkələrin inkişafını həzm etmirlər: "Ən mötəbər tədbirlərin keçirildiyi mərkəzə çevrilən Azərbaycan bütün tədbirləri yüksək səviyyədə həyata keçirməyə nail olub və bundan sonra da bu tendesyanı qoruyub saxlamağa qadirdir. Avropa Oyunlarının keçirilməsi ilə bağlı yaradılan təşkilat komitəsi hazırlıq işlərini inamla, peşəkarlıqla başa vurmaqdadır. İstər oyunlarda iştirak edəcək idmançılara, istərsə də xarici qonaqlara tam mənası ilə hər cür yüksək şərait yaradılıb. Xarici qüvvələrin toruna düşən bəzi beynəlxalq təşkilatlar çalışırlar ki, "Avroviziya" mahnı müsabiqəsində olduğu kimi, bu mötəbər tədbirdə də müəyyən fərqli fikirlər ortaya qoymaqla Azərbaycanın dünya arenasında qazandığı imicinə zərər vursunlar".

Fərasət Qurbanov onu da vurğuladı ki, müşahidə etdiyi təcürbəyə əsasən bu beynəlxalq təşkilatların yaydığı qərəzli fikirlərə olduqca əhəmiyyətsiz baxılır: "Azərbaycan artıq dünya birliyində öz mövqeyini möhkəmləndirməklə dünya ölkələri arasında ən sürətlə inkişaf edən demokratik bir ölkə kimi ön sıralarda qərarlaşıb. Bu baxımdan belə təşkilatların fikirlərini önəmsiz hesab edirik".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə