Son vaxtlar Azərbaycana səfər edən bir sıra xarici ölkə və beynəlxalq təşkilatların nümayəndələri ölkəmizə səfər edərkən radikal müxalifət nümayəndələri ilə görüşdən yayınırlar. Bununla bağlı SİA-ya açıqlamalarında siyasilər məsələnin səbəblərini açıqlayıblar.
Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev SİA-ya açıqlamasında bildirib ki, beynəlxalq təşkilatların Azərbaycanın dağıdıcı müxalifətinə qarşı saymazyana münasibətinin bir çox səbəbləri var: "Əvvəla həmin təşkilatlar ölkəmizlə bağlı yetərincə məlumatlıdırlar. Yəni, kimin kim olduğunu çox gözəl bilirlər. İkinci səbəb dağıdıcı müxalifətin təmsil olunduğu qurumların və onların başında gedən liderlərin nə daxili, nə də beynəlxalq arenada nüfuz sahibi olmamasıdır. Ya da belə deyək: müxalifətimizin daxildəki resursu nədirsə xaricdəki də odur. Və nəhayət üçüncü səbəb Beynəlxalq Təşkilatların bizim müxalifətə qoyduqları mayanın uzun illərdən bəri batmasıdır. Adamlar artıq Əli Kərimli və İsa Qəmbər kimi uğursuza, AXCP və Müsavat kimi ömürlük müxalifət təşkilatlarına pul yatırmaqdan, onlar üçün ssenari yazmaqdan yorulublar".
E. Musayev bir nüansa xüsusi diqqət çəkib: "Azərbaycan müxalifətinin heç bir zaman stabil beynəlxalq kursu olmayıb. Yəni onlar bu günə qədər hansı meylli siyasət yürütdüklərini anlamayıblar. Dağıdıcı müxalifət üçün bir mexanizm var: Mövcud iqtidar kiminlə, hansı təşkilatla kəskin danışmağa başlayırsa bunlar dönüb olurlar həmin adamın, təşkilatın dostu. Yəni dediyim odur ki, bizim müxalifətimizin öz başı, öz düşünən beyni yoxdur. Yetər ki, kimsə Azərbaycan hakimiyyətinə qarşı çıxsın. Bu fakt radikallar üçün kifayətdir. Vəssalam. Ayrı şey bilmirlər. Belə qeyri-stabil, ideyası və məfkurəsi məlum olmayan insanları, təsisatları isə heç şübhəsiz kimsə ciddiyə almaz. Necə ki almır da".
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı isə məsələ ilə bağlı SİA-ya açıqlamasında deyib: "Azərbaycanda dağıdıcı müxalifət deyəndə iki partiya AXCP və Müsavat nəzərdə tutulur və onlar cəmiyyətdə nüfuzlarını itirdiklərinə, sosial dayaqlarından məhrum olduqlarına, ictimai-siyasi proseslərdə konstruktiv və fəal iştirak etmədiklərinə görə, siyasi partiya, qüvvə kimi həm ölkə daxilində, həm də ölkə xaricində öz nüfuzlarını çox sürətlə itirirlər. Siyasi qüvvə kimi onlar öz nüfuzlarını itirlərsə, ictimai-siyasi proseslərdə fəal iştirak edə bilmirlərsə, hadisələrin gedişinə təsir göstərmək gücündə deyillərsə, bir liderləri və bir neçə ətrafı ilə Bakı ofis partiyasına çevrilirlərsə, onların çağırışına Azərbaycan xalqı müsbət dəyərləndirib getmirsə, təbii ki, bu partiyalar əvvəlki kimi Azərbaycana gələn ayrı-ayrı şəxslər də onlarla görüşə maraq göstərmirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB