İclas yekunlaşdı YENİLƏNİB

Bu gün Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiyanın hazırlanması üçün Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, mətbuat konfransında ötən gün Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 39-cu iclasının yekunlarına dair məsələlər müzakirə olunub.

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, dünən və bu gün keçirilmiş danışıqlarda Xəzər dənizinin statusu üzrə konvensiyanın bəndlərinə və Xəzəryanı dövlətlərin başçılarının Həştərxan bəyannəməsinə dair geniş müzakirələr aparılıb. Ümid edir ki, qısa müddət ərzində konvensiya üzərində bütün işlər başa çatdırılacaq və bu Astanada növbəti sammitdə qəbul ediləcək. Dənizin hüquqi statusu ilə bağlı məsələlər və bununla əlaqədar bütün prinsipial məsələlərin razılaşdırılması bütün beş ölkə üçün prioritetdir.

X.Xələfov bildirib ki, bugünkü nəticələr bütün Xəzəryanı dövlətlərin nümayəndələri tərəfindən müsbət qiymətləndirilib: "Əldə olunmuş razılaşmalar, konvensiya layihəsində prinsipial vacib əhəmiyyət kəsb edən bir çox müddəalar, işçi qrupunun nümayəndələri tərəfindən təsdiq olunub və bunlar konvensiya layihəsində öz əksini tapıb. Qeyd etmək istərdim ki, həm Bakı, həm də Həştərxan sammitindən sonra Xəzər dənizinin hüquqi statusuna dair bir çox prinsipial vacib məsələlər öz əksini tapıb. Bu məsələlərə su səthinin bölünməsi, hüquqi rejimlərin razılaşdırılması, bir çox təhlükəsizlik, bioloji ehtiyatların və resursların istifadə olunması, fövqəladə hallar, hidrometrologiya daxildir. Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, hal-hazırdakı mərhələ yekun mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Çünki Xəzər dənizinin statusuna aid olan məsələlər 1990-ci ilin əvvəllərindən fərqli olaraq bu gün çox yüksək bir səviyyəyə qədər gəlib çatıb. Əldə olunmuş razılaşmalar onu deməyə əsas verir ki, biz qısa zamanda statusla bağlı məsələləri bütün Xəzəryanı dövlətlər arasında razılaşdırıb başa çatdırmağa nail olacayıq".

XİN rəsmisi əlavə edib ki, 2016-cı ildə sammit Qazaxıstanda keçiriləcək: "Gərək bütün razılaşmalar əldə olunsun ki, tarixi sənəd Astanada imzalansın. Astana sammitinə hazırlıqla bağlı işlərə start verilib. Növbəti belə görüş 1-2 ay içərisində Tehranda baş tutacaq".

İran XİN rəhbərinin müavini İbrahim Rahimpur isə diqqətə çatdırıb ki, bu görüş 20 il aparılan danışıqların yekun razılığının əldə edilməsinə münbit şərait yaradacaq: "Müzakirələr zamanı konvensiya layihəsində 6 maddə üzrə razılığa gəlinib. Ötən il Həştərxanda əldə edilən bəyannamə Konvensiya layihəsində öz əksini tapmış oldu. Konvensiya ilə yanaşı, Azərbaycanla münasibətlərin gələcək perspektivləri barədə müzakirə apardıq. İran və Azərbaycan prezidentlərinin əldə etdiyi razılıqların ikitərəfli inkişafına razılıq və ümidi ifadə etdik. Mövqelərdə yaxınlaşma olub. İnanırıq ki, Xəzər dostluq əmin-amanlıq hövzəsi olacaq. Dünya şahiddir ki, razılaşmalar hansı şəkildə aparılır".

Nazir müvini bildirib ki, Xəzər regionundan kənarda xeyli münaqişələr var: "İmkan verməyəcəyik ki, bu münaqişələr dostluq və əmin-amanlıq hövzəsinə gəlsin. Hesab edirəm ki, Konvensiyanın yekunlaşması işi uğurlu olacaq. Xəzər dənizi ilə bağlı mübahisəli məsələlərin razılıqlar yolu ilə həllini tapacağına ümid edirik".

Mətbuat konfransında diskussiya şəklində yekun vurulub.

Qeyd edək ki, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 39-cu iclasına bu gün yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə