Sərdar Cəlaloğlu: “Mitinqlərdən “beşinci kolon” istifadə edə bilər” AÇIQLAMA
"Milli Şuranın keçirəcəyi mitinqin məqsədini təşkilatçılar ciddi şəkildə ölçüb biçməlidirlər". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Demokratik Partiyasının (ADR) sədri Sərdar Cəlaloğlu deyib.
Onun sözlərinə görə, mitinq keçirməkdənsə, iqtidarla araya gəlib müəyyən müzakirələr aparmaq daha məqsədəuyğun olardı: "Ortaya çıxan ən əsas suallardan biri odur ki, bəzi narazılıqları mitinqlər keçirərək göstərməkmi daha məqsədəuyğundur yoxsa, iqtidara təkliflər şəklində müraciət etməkmi? Bu məsələdə səmərəliliyi əsas götürmək lazımdır".
ADP sədri məsələnin digər məqamlarına da toxunub: "Nəzərə almaq lazımdır ki, hazırda qonşuluğumuzda çox ciddi bir hərbi münaqişə gedir. Bu gün Rusiyanın Baltikyanı ölkələrə, o cümlədən Qafqaza eksponsiya planları ilə bağlı məlumatlar var. Belə olan təqdirdə düşünmək lazımdır ki, Azərbaycanda xalqını küçələrə çıxartmağın nəticələrindən üçüncü qüvvələr, o cümlədən Azərbaycanda olan "beşinci kolon" istifadə edə bilər. Bu riski nəzərə almadan xalqı küçələrə çıxarmaq bu xalqı küçəyə çıxaranların məqsədlərinə yox, üçüncü qüvvələrin məqsədlərinə xidmət edə bilər. Bunu nəzərə alaraq, mən demişəm ki, indiki beynəlxalq konyukturada bu aksiyaların keçirilməsi məqsədəuyğun deyil. Məsələn, Suriya müxalifəti Bəşər Əsədə qarşı mübarizə apararkən qarşılarına bir məqsəd qoymuşdular ki, Suriya xalqı daha azad və daha gözəl bir cəmiyyətdə yaşasın. Amma son nəticədə bu gün üçün nə Suriya dövləti var, nə də Suriya milləti var. Çünki müxalifətin beynəlxalq kondikturanı, qonşuluğundakı İraqda, Misirdə, Liviyada, Tunisdə gedən hadisələri nəzərə almadan xalqı küçələrə çıxarması, kütləvi aksiyalar keçirməsi nəticəsində Suriya hazırki vəziyyətə düşdü".
Sərdar Cəlaloğlu Azərbaycan müxalifətinin Suriya müxalifətindən fərqlənmədiyini də deyib: "Eyni halda, Suriya müxalifəti kimi düşünən, onlar kimi "siyasi uzaqgörən" olan Azərbaycan müxalifəti də ən yaxşı halda Azərbaycanı Suriya variantında inkişaf etdirə bilər. Mənim narazıçılığım məhz bundan ibarətdir. Bizdə bu gün Suriya variantına keçməyimizə daha böyük təhdid var, nəinki vaxtilə Suriyada. Çünki indiki şəraitdə Rusiya açıq şəkildə keçmiş SSRİ ölkələrinə hərbi yaxud digər yollarla müdaxilə etmək istəyir. Biz bunları nəzərə almalıyıq".
ADP sədri son olaraq bildirdi ki, xalqı küçələrə çıxarmaq doğru vasitə deyil: "Bir daha qeyd edirəm ki, bəzi narazıçılıqları ifadə etmək üçün xalqı küçəyə çıxarmaq heç də düzgün addım deyil. Bu narazıçılıqları səhmana salmaq üçün ardıcıl olaraq hökümətə təkliflər vermək lazımdır. Əks halda küçəyə çıxarılan insanlardan üçüncü qüvvələr öz mənfəətləri naminə istifadə edə bilərlər. Yaranmış vəziyyətdən sui istifadə edərək partiya mənfəətini təmin etmək istəyən qüvvələr yanılırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB