Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatı gənclər birliyinin IV konfransı keçirilib. Heydər Əliyev Mərkəzində 200 nəfərə yaxın gəncin iştirak etdiyi konfransı YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərov açaraq Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən sürətli quruculuq-abadlıq işlərindən, daxili və xarici siyasət sahəsində qazanılmış uğurlardan, Azərbaycan gənclərinin sağlam ruhda böyüməsi və layiqli vətəndaşlar kimi yetişməsi üçün ötən illər ərzində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən ardıcıl və sistemli tədbirlərdən danışıb. A.Cəfərov qeyd edib ki, YAP Neftçala rayon təşkilatının 54 ərazi ilk partiya təşkilatlarında 4299 nəfər üzvlərin 1770 (41,2%) nəfəri gənclərdir: "Bu gün Ulu Öndər Heydər Əliyev ideyalarından bəhrələnən Azərbaycan gəncliyi Prezident İlham Əliyevin ətrafında sıx birləşərək gələcəyə inamla addımlayır".
YAP Neftçala rayon təşkilatı gənclər birliyinin sədri Vurğun Əkbərov ötən konfransdan keçən müddət ərzində YAP Neftçala rayon təşkilatı gənclər birliyinin gördüyü işlər barədə məlumat verib.
Hesabat məruzəsi ətrafında Heydər Əliyev Mərkəzinin direktoru Ruhəngiz Nəcəfova, rayon təşkilatı gənclər birliyinin üzvlərindən Gövhər Nağıyeva, Ülvi Fərzəliyev, Abuzərli Ümid və başqaları çıxış edərək, hesabatı qənaətbəxş qiymətləndiriblər.
YAP İdarə Heyətinin üzvü Kərim Kərimov gənclərə uğurlar arzulayıb və bildirib ki, Yeni Azərbaycan Partiyası cəmiyyətimizin ən güclü siyasi təşkilatı kimi ölkəmizdəki ictimai-siyasi proseslərin həmişə mərkəzində olub: "Bu gün Ümummilli Lider Heydər Əliyev siyasətini uğurla davam və inkişaf etdirən ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyevin gənclərə olan diqqət və qayğısı hər birimizin ürəyincədir. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirir, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə öz töhfəsini verməyə çalışır".
Konfransın işində çıxış edən "SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev Azərbaycanda gənclər siyasətini yüksələn xətt üzrə inkişaf etdiyini bildirib: "Müasir Azərbaycanın təməlini qoyaraq onu gənclərə həvalə edən Ulu Öndər Heydər Əliyevin yolunu Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısı bütün çıxışlarında qeyd edir ki, gələcək gənclərin əlindədir. Dövlət başçısının bu etimadı siz gənclərin üzərinə böyük məsuliyyət qoyur. Gənclərimiz də bu missiyanın öhdəsində layiqincə gəlmək üçün daim axtarışda olmalıdır. Çünki gənclik yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir. Prezident İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük meydan verilməsinin tərəfdarı olmuş və ölkəmizdə bu şərait yaradılmışdır. Bu gün Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Gənclərimiz də bu imkanlardan yararlanır, cəmiyyətin inkişaf prosesinin avanqardına çevrilirlər".
B.Quliyev rayon təşkilatı gənclər birliyinin yeni tərkibinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Konfransda YAP Mərkəzi Aparatının məsul işçisi Ramil Mirzəyev çıxış edərək Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan, sıralarını günbəgün genişləndirən, bütövlükdə regionun aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasında sağlam düşüncəli, vətənpərvər, yüksək intellektə və biliyə sahib gənclərə uğurlar arzulayıb.
Sonra təşkilati məsələlərə baxılıb. Ülvi Fərzəliyev YAP Neftçala rayon təşkilatının gənclər birliyinin sədri, Əli Məmmədzadə və Gövhər Nağıyeva gənclər birliyinin sədr müavinləri seçiliblər. Həmçinin, YAP Neftçala rayon təşkilatı gənclər birliyinin şura və idarə heyətinin üzvləri, eyni zamanda YAP Gənclər Birliyinin respublika konfransına 4 nəfər nümayəndə seçilib.
Tədbirdə bir qrup partiya üzvünə vəsiqələr təqdim olunub.
R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB