Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin SƏS TV-yə müsahibəsi:
- Hikmət müəllim, sabah Xəzərin hüquqi statusu ilə bağlı İşçi Qrupunun 39-ci iclası keçiriləcək. İclasın ölkəmiz üçün əhəmiyyəti barədə nələri söyləmək olar?
- Bu iclasa ratasiya qaydalarına uyğun olaraq Azərbaycan Respublikası tərəfindən ev sahibliyi edilir. Ümumiyyətlə, digər sahələrdə olduğu kimi Azərbaycan xarici siyasətinin prioritet istiqamətlərindən olan Xəzər dənizi və Xəzər hövzəsi kontekstində də lazımi irəliləyişlər vardır. Bu irəliləyişlər xüsusilə Həştərxan sammitində özünü göstərdi. Xəzəryanı dövlətlərin dövlət başçıları burada iştirak edərək Həştərxan bəyanatını qəbul etdilər. Burada əsas hədəf Xəzər dənizinin dostluq və əməkdaşlıq dənizinə çevrilməsi missiyasıdır. Qətiyyətlə deyə bilərik ki, bu gün Xəzəryanı dövlətlər ayrıcı yox, əksinə onları birləşdirici bir dəyərdir. Xəzər dənizində sahilyanı dövlətlərin birgə səyləri və Azərbaycan Respublikasında rolu xüsusilə qeyd edilməlidir ki, nəticədə Xəzərdə bir dostluq, əməkdaşlıq mühiti hökm sürür.
Xəzər dənizinin hüquqi statusuna gəldikdə isə artıq bu proses çərçivəsində də demək olar ki, yekun konvensiyanın (Xəzər dənizinin hüquqi statusuna dair) müəyyən olunması, tərtib olunması istiqamətində 70 faizə qədər işlər yekunlaşıb. Bəzi fundamental məsələlər var və bu da normal haldır. Beynəlxalq və dövlətlərarası münasibətlərdə fərqli fikirlər və fərqli baxışlar olur. Amma əsas zəmin ondan ibarətdir ki, bu cür məsələlər əgər dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma və dialoq şəklində müzakirə olunursa, bu özlüyündə müsbət bir addımdır. Hesab edirik ki, bu görüş də Xəzər dənizinin hüquqi statusunun və yekun konvensiyanın müəyyən olunması istiqamətində vacib bir platforma və növbəti uğurlu addım olacaq.
- Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etdiklərinə görə ölkəyə gəlməsi arzuolunmaz hesab edilən şəxslərin siyahısı necə tərtib edilib?
- Azərbaycan XİN tərəfindən arzuolunmaz şəxslər siyahısının 20 fevral tarixində yeni bir versiyası təqdim olundu. Artıq yeni siyahıda 435 nəfər şəxs müəyyən edilib ki, onlar da əcnəbi vətəndaşlardır. Onlar Azərbaycan Respublikasının razılığı olmadan və Azərbaycanın Dövlət Sərhədini pozaraq işğal edilmiş ərazilərimizə səfər ediblər. Buna görə də bu kimi şəxslərin Azərbaycana səfərinə qadağa qoyulub. Ümumiyyətlə, bu siyahının 2013-cü ildən etibarən açıq şəkildə ictimai formada tətbiq olunmasından sonra müşahidələrimiz və təhlillərimiz onu göstərir ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlər fundamental şəkildə azalıb. Çünki əvvəllər Ermənistan tərəfindən məqsədyönlü şəkildə bir təbliğat aparılırdı, insanlar aldadılırdı və işğal olunmuş ərazilərimizə səfərin müqabilində hər hansı bir qadağanın olmaması ilə bağlı fikirlər irəli sürülürdü. Nəticə etibarilə insanları aldatma siyasəti həyata keçirilirdi. Buna görə də insanlar bundan bixəbər olaraq bəzən işğal olunmuş ərazilərimizə səfər edirdilər. Bundan əlavə ikinci əsas tendensiya işğal olunmuş ərazilərimizə səfər edən şəxslərin əksəriyyətini Ermənistan vətəndaşları təşkil edir. Bildiniz kimi, Azərbaycanın işğal olunmuş ərazilərində çox böyük miqdarda Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti yerləşdirilib. Çünki təcavüzkar dövlət məhz Ermənistandır. Təbii ki, işğalçı ölkənin ordusunda da acınacaqlı bir vəziyyət hökm sürür. Valideyinlər isə mütəmadi əsasda öz övladlarına baş çəkmək məcburiyyətindədirlər. Ermənistan tərəfindən də yalançı statistika hesabına il ərzində şişirdilmiş rəqəmlər ortaya qoyulur. Bunun xaricində isə burada maliyyə, hətta öz baxışları və mövqeləri baxımından tam şəkildə erməni diasporasının təsiri altında olan şəxslərdir ki, onların də səfərləri təşkil edilir. Amma sonradan peşmançılıq hiss burada özünü göstərir. XİN-ə belə çoxsaylı müraciətlər olub. Artıq 10-a yaxın şəxs bu kimi müraciətlər əsasında arzuolunmaz şəxslər siyahısından çıxarılıb. Təbii ki, burada da Azərbaycan dövləti tərəfindən qoyulmuş mütləq bir şərt var. Azərbaycan Respublikasının diplomatik nümayəndiklərinə və yaxud XİN-ə əcnəbi şəxs tərəfindən müraciət olunmalı və o bir daha Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətini ifadə edərək ölkəmizdən üzr istəməli və peşmançılığını ifadə etməlidir. Bundan isə hər bir məsələyə, müraciətə fərdi əsasda baxılır. Ümumiyyətlə bu siyahının tətbiq olunmasından sonra Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlər mütləq şəkildə azalıb.
- Qarabağ müharibəsində əsir və itkin düşmüş sayılan 4 min azərbaycanlının taleyi hələ də məlum deyil. Hazırda bu istiqamətdə hansı iş aparılır?
- Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünün tərkib elementlərindən biri də odur ki, 4 min nəfərdən artıq vətəndaşlarımızlar əsir və itkin düşmüş şəxslər statusundadırlar. Yəni bu münaqişənin acı fəsadlarından biri də odur ki, onların taleyi barəsində bu günə kimi də məlumat yoxdur. Təəssüflər olsun ki, Ermənistan tərəfindən onların taleyinin aydınlaşdırılması ilə əlaqədar lazımi tədbirlər görmür. Bu da Ermənistan tərəfinin yürütdüyü qeyri-hümanist siyasətin bir tərkib hissəsidir. Bu məsələ Prezidentlərinin ötən ilin noyabrında keçirilən Paris görüşündə bir daha gündəmə gəldi. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri və xüsusilə Fransa prezidenti tərəfindən hümanitar əsasda Ermənistanla Azərbaycan arasında Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə əməkdaşlıq, məlumat mübadiləsi kimi məsələlər ortaya atıldı. Azərbaycan Respublikası tərəfindən bu fikir dərhal dəstəkləndi. Çünki ölkəmizin istər xarici, daxili siyasətində hümanizm meylləri, prinsipləri ən başlıca meyarladan biridir.
Təəssüflər olsun ki, Ermənistan tərəfi öz məsuliyyətini dərk etmir, üzərinə düşən beynəlxalq öhdəliyi yerinə yetirmək, neqativ addımlarından geri çəkilmək istəmir. Beləcə o, müxtəlif bəhanələrə əl atır. Müxtəlif əməliyyat, istintaq yolları ilə də müəyyən olunmuş məlumatlar, şahidlərin ifadələri var. Azərbaycanın işğal olunmuş ərazilərində əsir və girov götürülmüş şəxslərin kütləvi şəkildə qətli həyata keçirilib. Qətldən sonra isə onlar kütləvi məzarlıqlarda basdırılıb. Bu xüsusilə Balkanlarda özünü göstərib. Eləcə də Serebrenitsa hadisələrini qeyd edə bilərik. Artıq məqamdır ki, o qalıqlar çıxarılsın və onlar DNT analizlər vasitəsilə təhlil olunsun. Təbii ki, ondan sonra həmin şəxslərin kimliyi müəyyən edilsin. Çünki 20 ildən artıq Azərbaycanda insanlar var ki, onlar öz övladlarının, yaxınlarının taleyini gözləyirlər. Amma Ermənistan yenə də qeyri-hümanist siyasətinə sadiq qalaraq bu məsələdən də yayınır.
-Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən erməni silahlı qüvvələri tərəfindən girov götürülən Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad olunması ilə bağlı Azərbaycan XİN-in atacağı addımlar nə olacaq?
- Bildiyiniz kimi, onların üzərində qurma bir məhkəmə təşkil olunub. Azərbaycan XİN tərəfindən bu məsələyə dərhal və adekvat münasibət bildirildi. Qeyd olundu ki, ilk növbədə bu "məhkəmə" prosesinin heç bir hüquqi əsası ola bilməz. İkincisi, bu şəxslərin girov götürülməsi prosesi özü-özlüyündə tamamilə qeyri-qanunidir. Təbii ki, bu da Cenevrə Konvensiyalarının bilavasitə pozulmasıdır. Birincisi ona görə ki, Kəlbəcər Azərbaycan Respublikasının işğal olunmuş ərazisidir. Kəlbəcərin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qətnaməsi var. İkincisi Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğunun əsas nədir? Axı hansı əsasda onlar orada mövcuddurlar? Üçüncüsü isə onlara kim əsas verib ki, məhz qeyri-qanuni mövcud olduqları və işğalçı siyasət yeritdikləri şəraitdə hələ orada mülkü Azərbaycan vətəndaşlarını da girov götürsülər. Bu girov götürmək bilavasitə terrorçulara xarakterik olan bir davranışdır və münasibətdir. Ona görə də onlar üzərində təşkil olunan bu qurama məhkəmə əslində Ermənistanı öz məsuliyyətindən yayındırmağa hesablanıb. Amma müsbət dinamika ondan ibarətdir ki, bu məsələ XİN-in daimi əsasda gündəliyindədir və bu istiqamətdə işlər aparılır. Eləcə də bu məsələdə ATƏT-in Minsk qrupunun həmsədrlər ölkələrinin rəhbərliyi səviyyəsində və həmsədrlər tərəfindən də müsbət dinamika var ki, onlar israrla Ermənistana çağırışlar ediblər. Məqsəd isə girovların azad edilməsi ilə bağlıdır. Təbii ki, bu məcarada biz fəaliyyətimizi davam etdirəcəyik. Bu məsələdə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi və onun ofisi ilə də fəal iş aparılır.
- ABŞ Dövlət Departamenti ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik vasitəsilə girovların azad edilməsi üçün Ermənistana çağırış etdiyini bildirib. Eyni zamanda digər beynəlxalq təşkilatlar, ölkələr də çıxış edib. Ermənistan isə bu çağırışları diqqətə almır. Rəsmi İrəvan dünya birliyinə qarşı çıxmaq gücü haradan alır?
- Əgər biz Ermənistan dövlətinin xarici siyasətinə baxsaq, işğalçı ölkənin dalana dirənmiş bir vəziyyətdə olduğunu görmüş olarıq. Təbii ki, belə olan şəraitdə də Ermənistan müxtəlif bəhanələrə əl atmaq siyasətini yürüdür. Artıq bu, danışıqlar prosesində də özünü göstərir. ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik tərəfindən belə bir açıqlama verilib. Hətta ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi regiona (Azərbaycana və Ermənistana) səfər etdiyi ərəfədə bu məsələ ilə bağlı açıqlama verdi. Hətta Ermənistan tərəfinin növbəti yalanı bu əsnada ifşa olundu. Belə ki, Ermənistan xarici işlər naziri Edvard Nalbadyan daşıdığı statusun fərqinə varmadan məsuliyyətsiz açıqlama ilə çıxış etdi. Guya ABŞ tərəfindən belə bir açıqlama olmayıb. Amma bu sual yenidən ABŞ Dövlət Departamentinin sözçüsünə verildi. O bir daha ölkəsinin mövqeyini təsdiq etdi ki, qeyd olunanlar ABŞ Departamentinin mövqeyini əks etdirir. Bu Ermənistanın çarəsiz bir durumda olmasının göstəricisidir. Təbii ki, biz bu kimi açıqlamaları alqışlayırıq. Bu müraciətlər daha sistematik və hədəflənmiş xarakter daşımalıdır. Hədəf isə məhz girovlarımızın azad edilməsidir. Çünki onlar üzərində təşkil olunan "məhkəmə"nin özü bir işgəncədir.
- Almaniya və Türkiyənin ATƏT-in Minsk qrupunun həmsədrliyinə cəlb olunması ideyası irəli sürülür. Amma, bunun reallaşmasının həm də çətin olduğu deyilir. Sizcə, buna əngəl yaradan səbəblər hansılardır?
- Prinsipcə, ATƏT-in Minsk qrupu prosesi başlayandan etibarən artıq Almaniya və Türkiyə Minsk qrupunun üzvləridirlər. Yəni bu prosesdə 11 dövlət iştirak edir. Ona görə də bizim mövqeyimiz həmişə ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun üzvülüyündə və yaxud ATƏT-in Minsk qrupuna həmsədr institutunda hər hansı bir dəyişiklikdən kənar ilk növbədə onlar daha aktiv şəkildə prosesə öz töhfələrini verməlidirlər. Bu əsnada Türkiyə Respublikasının rolu və mövqeyi Azərbaycan tərəfindən çox yüksək qiymətləndirilir. Amma bununla bərabər ATƏT-in Minsk qrupunun bütün üzvləri fəal və aktiv şəkildə mövqe nümayiş etdirməlidirlər. Təbii ki, bu mövqe də ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır. Ona görə də formatın dəyişdirilməsi bu gün bir o qədər də gündəmdə deyil. Əsas gündəmdə olan məsələ format çərçivəsində mövcud olan qərarların, siyasi iradənin və bu formatın özünün əsaslandığı prinsiplərin icrasıdır. Yəni ATƏT-in Minsk qrupunun fəaliyyətinin əsasını ilk növbədə Helsinki Yekun Aktı təşkil edir. Çünki Helsinki Yekun Aktında da müəyyən olunmuş ən ümdə prinsiplər dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığıdır. Məhz bu prinsiplər də münaqişənin həllinin əsasını və bazisini təşkil edir. Ona görə də ATƏT-in Minsk qrupunun mövcud həmsədr institutu da bu prinsiplərin həyata keçirilməsinə və bunun əsnasında, çərçivəsində də Ermənistan hərbiçilərini işğal olunmuş Azərbaycan ərazilərdən çıxarılmasını təmin etməlidir. Ona görə də formatın dəyişilməsində xüsusi bir lüzum görülmür.
- Rusiya müxalifətinin əsas liderlərindən sayılan Boris Nemtsovun qətlə yetirilməsi ilə Rusiyada ictimai-siyasi vəziyyətin gərginləşməsi baş verə bilərmi? Bu təqdirdə qonşu dövlət olaraq həmin hadisələrin Azərbaycana təsiri nə dərəcədə mümkündür?
- Azərbaycan Respublikasının xarici siyasətinin ən vacib prinsiplərindən və meyarlarından biri ondan ibarətdir ki, Azərbaycan öz xarici siyasətində digər dövlətlərin daxili işlərinə qarışmır. Rusiyada baş vermiş bu qətl və cinayət hadisəsi ilə əlaqədar Rusiyanın müvafiq hüquq-mühafizə orqanları məsələnin istintaqı ilə məşğuldur. Ümid edirik ki, bu istiqamətdə lazımi addımlar atılır və nəticə etibarilə də bu cinayət işi məntiqi sonluğuna çatdırılacaq. Beləcə qətli törədənlər məsuliyyətə cəlb olunacaq. Ümumiyyətlə, Azərbaycan və Rusiya arasında mehriban qonşuluq münasibətləri vardır. Həmçinin strateji münasibətlər zəminində əlaqələrimiz inkişaf edir. Regiondan sülh, sabitlik və əmin-amanlıq həm Rusiyanın, həm də Azərbaycanın mənafeyində olan məsələlərdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB