Hacıqabulda YAP gənclərinin hesabat konfransı keçirilib FOTOLAR

Hacıqabulda YAP gənclərinin hesabat konfransı keçirilib FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatı gənclər birliyinin hesabat-seçki konfransı keçirilib. Konfrans iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, tər gül dəstələri düzüblər.

Rayonun Heydər Əliyev Mərkəzində öz işinə başlayan konfransı Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının sədri Nafiz Bəşirov açaraq bildirib ki, YAP üzvü olan gənclərin düzgün formalaşdırılması ölkəmizin rəhbərliyinin siyasətində önəmli yer tutur. Onun sözlərinə görə, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə nailiyyətlər qazanırlar.

YAP Hacıqabul rayon təşkilatının gənclər birliyinin sədri Saleh Ələskərov hesabatını təqdim edərək bildirib ki, ötən dövrdə görülən işlər öz səmərəsini verib: "YAP Hacıqabul rayon təşkilatı gənclər birliyi partiyanın Sədri Cənab İlham Əliyevin ölkədə uğurla həyata keçirdiyi siyasi kursa biganə qalmayıb müxtəlif səviyyəli tədbirlərdə onların təşkilində yaxından iştirak edib. Keçən müstəqillik dövründə təşəkkül tapmış Yeni Azərbaycan Partiyası bu gün sağlam düşüncəli vətənpərvər, yüksək intelektə və biliyə sahib gəncləri öz ətrafında birləşdirərək ölkəmizi dünyada tanıtdırmaq üçün var qüvvələri ilə çalışırlar".

Məruzə ətrafında partiyanın fəal gənclərindən Günay Mustafayeva, Aqil Aslanov, Xalid Rəcəbli, Aynur Qasımzadə və başqaları çıxış edərək hesabat dövründə təşkilatın fəaliyyəti haqqında fikirlərini bildiriblər.

Konfransda çıxış edən "SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev bildirib ki, bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında düşünülmüş və məqsədyönlü gənclər siyasəti həyata keçirilir: "Bu gün sevindirici haldır ki, gənclərimiz ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirirlər. Çünki müasir Azərbaycan gəncləri unutmurlar ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar"..

B.Quliyev konfransda yeni seçiləcək heyətə uğurlar arzulayıb.

YAP Hacıqabul rayon təşkilatının qadınlar şurasının sədri, Hacıqabul rayon icra hakimiyyəti başçısının müavini Zeynəb Əskərova çıxışında vurğulayıb ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərir, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir: "Müasir Azərbaycanın təməlini qoyaraq onu gənclərə həvalə edən Ulu Öndər Heydər Əliyevin yolunu, yüksələn xətt üzrə inkişaf edən gənclər siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısı bütün çıxışlarında qeyd edir ki, gələcək gənclərin əlindədir. Dövlət başçısının bu etimadı gənclərin üzərinə böyük məsuliyyət qoyur".

YAP Mərkəzi Aparatın məsul işçisi Ramil Mirzəyev Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib və yeganə milli siyasi qüvvə olan YAP-ın gənclərin fəaliyyəti və inkişafı üçün hərtərəfli şərait yaratdığını bildirib.

Konfransın qətnaməsi qəbul olunduqdan sonra təşkilati məsələlərə baxılıb, Saleh Ələskərov yenidən YAP Hacıqabul rayon təşkilatının gənclər birliyinin sədri, həmçinin rayon təşkilatı gənclər birliyinin şura üzvləri, idarə heyəti və YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr seçilib.

Sonda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Cənablarına müraciət qəbul edilib.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə