“Dünya buna kifayət qədər biganədir” RƏY

Aydın Mirzəzadə: “Həmin ölkələr Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə dəstək verməyib”
“Dünya buna kifayət qədər biganədir” RƏY

"Ermənilər yüz ildir ki, bu yalanı dünya ictimai birliyinə zorla qəbul etdirməyə çalışırlar. Vaxtaşırı xaricdə müəyyən dairələrin köməyi ilə bir sıra dövlətlərin parlamentində qondarma soyqırımına dəstək olmasına nail olublar". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə Ermənistan prezidenti Serj Sarkisyanın qondarma erməni soyqırımı ərəfəsində bir sıra dövlət rəsmilərini "anma mərasimi"nə dəvət etməsinə münasibətini bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, ümumilkdə, dünya bu qondarma soyqırımını heç zaman ciddi qəbul etməyib: "Dünyanın 20-yə yaxın ölkəsi erməni diasporunun köməyi ilə "soyqırımını" qəbul edib. Amma həmin ölkələrin heç biri Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə dəstək verməyib, Dağlıq Qarabağı isə bir dövlət kimi tanımır. Bunun özü Ermənistanın bütün cəhdlərinin boşa çıxdığından xəbər verir. Təsəvvür edin, cəmi bir aydan sonra ermənilər hay-küylü bir "ildönüm" keçirməyə çalışırlar amma dünya buna kifayət qədər biganədir. Aprel ayında ermənilərin növbəti dəfə dünya ictimaiyyəti tərəfindən biabır olacaqları gözləniləndir".

Daha bir maraqlı tarixi məqama toxunan millət vəkili qeyd edib ki, həmin dövrdə tarixi bir hadisənin- Çanaqqala zəfərinin də qeyd edilməsi bir çox məqamları üzə çıxarır. Belə ki, Türkiyənin mövqeyinin möhkəmlənməsində əsas rol oynayan böyük hadisələrdən biri baş verib: "Türkiyə bu zəfəri qeyd etmək üçün dünyanın ən aparıcı dövlətlərinə dəvətlər göndərilib. Avropanın əksər ölkə rəsmiləri Türkiyənin keçirəcəyi tədbirdə iştirak edəcəyini deyir. Təkcə Fransa prezidenti Fransua Olland aprel ayında Yerevana gedəcəyini bildirsə də, mümkündür ki, o səfərini təxirə salsın. Düşünürəm ki, tarixi yalan bir daha ifşa olunacaq, bir daha Ermənistan zorla dünyaya qəbul etdirmək istədiyi yalana görə mütləq cavab verməli olacaq".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə