Mehriban Abasquliyeva: “Mitinq və aksiya çağırışlarını qətiyyətlə pisləyirəm” MÜNASİBƏT

Mehriban Abasquliyeva: “Mitinq və aksiya çağırışlarını qətiyyətlə pisləyirəm” MÜNASİBƏT

"Azərbaycan manatının dollara nisbətdə qiymətinin düşməsindən sonra, yəni müşahidə olunmuş maliyyə prosesindən sonra bəzi maraqlı dairələr, radikal müxalifət mənsubları əhali arasında ajiotaj yaratmaq məqsədilə əllərində olan mətbuat səhifələrində və sosial şəbəkələr vasitəsilə uğursuz manipulyasiyalar edirlər". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva sözügedən məsələyə münasibətini bildirərkən deyib.

O, bildirib ki, məzənnədə dəyişikliyinin olması ilə müəyyən mənada iqtisadi dəyişikliklər olacaq və bu dəyişikliklər təbii ki, iqtisadi sahənin inkişafına da öz töhfəsini verəcək. Lakin bu o demək deyil ki, ölkədə maksimum bahalaşma, qıtlıq və s. kimi mənfi tendensiyalar baş verəcək: "Mərkəzi Bank tərəfindən atılan addımların əsas məqsədi ölkə iqtisadiyyatını dünyada gedən böhranın təsirlərindən mümkün qədər qorumaqdır. Bəzi müxalifətyönlü mətbuat orqanları bu istiqamətdə təbliğat aparmaq əvəzinə əks-təbliğatla məşğul olurlar. Sosial şəbəkələrdəki xüsusi qrupların fəaliyyətini, mitinq və aksiya çağırışlarını isə qətiyyətlə pisləyirəm. Bu kimi Qqara piar əməliyyatı ilə məşğul olanlar qaragüruhçular bilməlidirlər ki, onların fəaliyyəti birbaşa olaraq erməni lobbisinin işinə yarayır. Söz yox ki, belə olan məqamda erməni lobbisinin sərmayələri ilə yaşayan bəzi Qərb siyasi dairələri də Azərbaycan müxalifətinə öz təlimatlarını verirlər. Hər zaman olduğu kimi, bu dəfə də radikal müxalifət öz köhnə adətinə sadiq qalmaqdadır".

YAP Sabunçu rayon təşkilatının sədrinin dediyinə görə, Azərbaycan dövləti hər zaman vətəndaşının rifah halını düşünüb və bu səbəbdən də, hökumət insanlarımızın qlobal böhranın təsirlərindən əziyyət çəkməsinə imkan verməyəcək: "Bu iqtisadi prosesdən sui-istifadə yolverilməzdir. Baş verənlər təkcə Azərbaycandan asılı məsələ deyil, bu dünyada baş verən proseslərlə bağlıdır. Ona görə də, müdrik xalqımız nəyin-necə olduğunu heç də radikal müxalifətdən öyrənmir və buna ehtiyac da duyulmur. Xalqımız öz dövlətinin, Prezidentinin ətrafında sıx birləşib, qəbul edilən hər bir qərarın isə onun rifahının daha da yaxşılaşdırılmasına hesablandığını anlayır və dəstəkləyir"

Rəfiqə Kamalqızı

Bütün xəbərlər Facebook səhifəmizdə