Aydın Mirzəzadə: “Xocalı soyqırımı artıq avropalı üçün yeni bir söz deyil” AÇIQLAMA

"Hesab edirəm ki, Xocalı soyqırımını bu gün dünyanın bildiyi bir faktora çevirə bilmişik. İlk növbədə, bu faciənin özü bəşəriyyət üçün çox ünikal hadisələrdən biridir". SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, bir şəhərin gecə ikən erməni hərbçiləri tərəfindən yer üzündən silinməsi tarixdə az-az görünən məsələlərdəndir: "Azərbaycanın öz daxilində məlumat mühiti genişdir, eləcə də ölkəmizdən kənarda bu soyqırımı 10-dan çox ölkə tanıyıb. ABŞ-ın 20-ə yaxın ştatı Xocalı soyqırımını tanıyır. Hətta bu hadisələrlə bağlı silsilə tədbirlər keçirilir. Artıq bu il bir çox Avropa ölkələrinin paytaxtında (avtobusların üzərində, metro stansiyalarında, televiziyalarda və s.) Xocalı soyqırımı ilə bağlı məlumat lövhələri asıldı. Ümumiyyətlə Xocalı soyqırımı artıq avropalı üçün yeni bir söz deyil".

A.Mirzəzadə bildirib ki, biz bu faciə haqqındakı məlumatların daha dərin qatlara getməsinə nail olmalıyıq: "Yəni bu artıq politoloqların, tarixçilərin tədqiqat obyektinə çevilməlidir. Soyqırıma dair xaricdə daha çox kitablar dərc edilməli və filmlər çəkilməlidir. Ancaq bunun qısa bir zamanda reallaşacağını söyləmək düzgün olmazdı. Təbii ki, ona müəyyən zaman və xeyli görüləsi işlər lazımdır. Heç şübhəsiz ki, işlər görülür. Bu istiqamətində Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, xaricdəki azərbaycanlılar, oranın universitetlərində təhsil alan tələbələrimiz və s. böyük işlər görürlər. Bütün görülən bu işlər Xocalı soyqırımın dünya tərəfindən daha çox tanınmasına kömək edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə