YAP rəsmisi: "Bunu tənzimləyən bir qanun hələlik yoxdur"

"Azərbaycanda bələdiyyələrin özündən yuxarı üst qurumu yoxdur. Amma dövlət qulluğunda müxtəlif kateqoriyalar mövcuddur. Ona görə də bu məsələləri eyniləşdirmək və bir qanunda birləşdirmək olmaz". SİA-nın xəbərinə görə, bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanun layihəsi ilə "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" mövcud qanunun bir sənəddə birləşdirilməsi yönündə səslənən təkliflərə münasibətini bildirərkən deyib.

S.Novruzov bildirib ki, bələdiyyə qulluqçularının etik davranış kodeksi yalnız bələdiyyə qulluqçularına şamil olunmalıdır. Millət vəkillərinin etik davranış kodeksinə gəlincə isə S. Novruzovun sözlərinə görə, MM-in Nizamnaməsində bununla bağlı bəzi məqamlar var.

"Amma Nizamnamədəki məqamlar əsasən Milli Məclisin daxilində olan davranış qaydalarını özündə ehtiva edir. Yəni, Milli Məclisdən kənarda, hər hansı bir millət vəkilinin etik davranış qaydalarına nəzarət etməməsi və sair hərəkətləri ilə bağlı müraciət olunduğu təqdirdə biz bu məsələlərə baxa bilirik. Müraciət olunmadığı təqdirdə, götürək ki, belə bir hal baş veribsə, bunu tənzimləyən bir qanun hələlik yoxdur. Biz bu yöndə Avropa strukturları ilə dəfələrlə müzakirələr aparmışıq. Avropa Şurasının nümayəndələri ilə də bununla bağlı görüşlər keçirmişik, söhbətlər aparmışıq. Və ayrı-ayrı ölkələrin bu yöndəki qanunvericiliklərini də öyrənirik. Öyrənirik ki, onları ümumiləşdirək və belə bir qanunun qəbul olunmasına nail olaq"- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...