XİN sözçüsü: “Azərbaycan beynəlxalq təsisatlarla əməkdaşlığa üstünlük verir” MÜNASİBƏT
"Almaniya və Türkiyə ATƏT-in Minsk qrupunun üzvləridir. Ümumiyyətlə Azərbaycan həmişə o mövqedə olub ki, ATƏT-in Minsk qrupunun bütün ölkələri prosesə öz töhfələrini verməlidir. Təbii ki, bunun da əsas son yekun məqsədi Azərbaycan ərazilərinin işğaldan və təcavüzdən azad edilməsini, eləcə də qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına geri dönüşünü təmin etməkdən ibarətdir". SİA-nın məlumatına görə, bunu bu gün Azərbnaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərlə birgə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.
Hikmət Hacıyevin sözlərinə görə, hazırda həmsədrlik institutunda hər hansı bir digər dövlətin gündəmə gətirilməsi və yaxud qoşulması məsələsi gündəmdə deyil: "Əsas məsələ qarşıya qoyulan və qəbul edilmiş qərarların icra mexanizmləridir. ATƏT-in Minsk qrupunun həmsədlərindən də gözləntimiz ondan ibarətdir ki, işğalçı ölkəyə qarşı fərqli tərzdə münasibət bildirilməsinin vaxtı çoxdan yetişib. Yəni Ermənistan münaqişənin həlli istiqamətində olan bütün məsələlərdə tamamilə destruktiv siyasət həyata keçirir. Onlar hər vəchlə mövcud status-kvonu saxlamağa, işğal və təcavüzün nəticələrini gücləndirməyə çalışır. Belə bir halda ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Ermənistana ünvanlanmış bəyanatlar daha sərt xarakter daşımalı və hətta işğalçı ölkəyə münasibətdə məcburedici addımların atılması, o cümlədən sanksiyaların tətbiq olunması nəzərdən keçirilməlidir".
XİN rəsmisi həmçinin ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın Azərbaycanda səfərdə olduğu zaman Vətəndaş cəmiyyəti institutları və insan haqları ilə bağlı dialoqun təşkili üçün Azərbaycan və ABŞ arasında yaradılacaq struktura da münasibət bildirib: "Hələki bu məsələ ilə bağlı ətraflı məlumat mövcud deyil. Sadəcə olaraq ABŞ nümayəndəsi tərəfindən belə bir fikir səsləndirilib. Məsələnin tam təfərrüatları bəlli deyil. Azərbaycan tərəfinə bu məsələnin tam təfərrüatı ilə bağlı müraciət olunarsa bu bizim tərəfimizdən qiymətləndirilib və ona münasibət bildirilə bilər. Bildiyiniz kimi, Azərbaycan Avropa Şurasının üzv dövlətidir. AŞ-la Azərbaycan arasında bir üzv dövlət kimi bütün məsələlərdə olduğu kimi bunda da açıq dialoq mövcuddur və əməkdaşlıq həyata keçirilir. Ona görə də Azərbaycan dövləti məhz beynəlxalq hüquqi sənədlər əsasında daşıdığı öhdəliklərinə uyğun olaraq üzv olduğu beynəlxalq təsisatlarla əməkdaşlığa üstünlük verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB