Vitse-spiker: “Xocalı soyqırımının səbəbkarı və iştirakçısı Serj Sarkisyandır”
"Bu gün dünyada bəşəriyyətə, insanlığa qarşı törədilən cinayətlərdən ən dəhşətlisi olan Xocalı Soyqırımının 23-cü il dönümüdür. Bu illər ərzində biz bu soyqırımı törədənlərin, insanlığa qarşı vəhşilik, vandalizm aktını həyata keçirənlərin, bir sözlə ermənilərin və erməni siyasətini dəstəkləyənlərin başlatdığı bu işin mahiyyətini, məzmununu dünya ictimaiyyətinə çatdırmaq üçün genişmiqyaslı fəaliyyət göstərməkdəyik". Bunu SİA-ya Milli Məclisinin vitse-spikeri Bahar Muradova deyib.
Onun sözlərinə görə, Xocalı hadisələrinin, Dağlıq Qarabağ probleminin, ümumiyyətlə, Ermənistanın təcavüzkarlıq siyasətinin kökündə dayanan səbəblərin nədən ibarət olduğu barədə aparılan işin çox ciddi nəticələri var: "Əgər, biz əvvəllər erməni lobbisinin, erməni diasporunun gücü qarşısında bu və digər çətinliklərin olduğunu vurğulayırdıqsa, bu gün Azərbaycan rəsmi diplomatiyasının, xüsusilə ölkə prezidentinin, parlament diplomatiyasının, qeyri hökumət təşkilatlarımızın, ziyalılarımızın, elm xadimlərimizin birgə apardığı işin nəticəsini görməkdəyik. Artıq onlarla ölkələrin parlamentləri hökumət səviyyəsində bu və ya digər sənədlər, qətnamələr qəbul edib. Qarabağ problemində ədalətli və haqlı tərəf olan Azərbaycanın həqiqətlərinin tanıdılması istiqamətində ciddi sənədlər qəbul olunub. O cümlədən Xocalı hadisələrinin insanlığa və azərbaycanlılara qarşı bir soyqırım hadisəsi olduğu barədə təsdiqini tapan sənədlər var. Bu aparılan ciddi işin nəticəsidir. Eyni zamanda bunlar onu göstərir ki, məqsədyönlü fəaliyyət olduqda hətta ən ciddi və güclü saydığımız düşmənə qarşı belə çox müsbət nəticələr verən fəaliyyət ortaya qoymaq olar. Bu gün Azərbaycan dünya ictimaiyyətini bu istiqamətdə məlumatlandırmaqdadır".
Vitse-spiker qeyd edib ki, erməni yalanlarının, erməni siyasətinin iç üzünün açılmasında "Xocalıya Ədalət" kampaniyasının çox böyük yeri və rolu var: "Bu bütün dünya miqyasında, beynəlxalq təşkilatlar, xalqlar, millətlər çərçivəsində aparılan bir işdir. Bu həm Azərbaycanı tanıtmaq, o cümlədən də Azərbaycanın çox qədim, zəngin mədəniyyətə, tolerant bir mühitə, millətlərin və xalqların ahəngdar bir harmoniya şəklində yaşadığı bir ölkə olmaqla yanaşı, belə bir ölkəyə qarşı törədilmiş bu cür insanlığa qarşı cinayətin olduğunu dünyaya çatdırmaq məqsədi daşıyır və ermənilərin iç üzünü açmaq üçün çox böyük imkanlar yaradır. Bunun nəticəsidir ki, məhz bu gün İslam Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına, ATƏT-ə daxil olan ölkələr, uzaq Amerika qitəsi, Afrika, Orta Asiya və Asiya ölkələri içərisində Xocalı Soyqırımını insanlığa qarşı cinayət hadisəsi kimi dəyərləndirən sənədlər qəbul edilməkdədir. Bu iş getdikcə genişlənməkdədir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən bu prosesə hər kəs öz töhfəsini verməkdədir. Mən bu gün bir daha Xocalı şəhidlərinin xatirəsini anmaqla, onların xatirəsi qarşısında ehtiramla baş əyməklə yanaşı bir sədaqət borcumuzun və erməni vandalizmini əldə rəhbər tutaraq, onları həyatdan məhrum etmiş, bir şəhəri yer üzündən silmiş, uşaqların həyatını yarıda qırmış erməni cəlladlarının, xüsusilə bu hadisənin ən böyük səbəbkarı və iştirakçısı Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın iç üzünü açmaq və onu ədalət məhkəməsi qarşısına çıxarmaq istiqamətində çox böyük nəticələrin olacağına inanıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB