Ziyafət Əsgərov: "Ermənistanın şıltaqlığına dözə bilmərik"

Ziyafət Əsgərov: "Ermənistanın şıltaqlığına dözə bilmərik"

Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri Ziyafət Əsgərov Türkiyə və Almaniyanın ATƏT-in Mİnsk qrupuna həmsədr təyin olunması məsələsinə münasibət bildirib. SİA-nın məlumatına görə, birinci vitse-spiker hesab edir ki, bu ölkələr ATƏT-in Minsk qrupuna həmsədr olsa, yaxşı olar.

Z. Əsgərov qeyd edib ki, hazırda ATƏT-in Minsk qrupu həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir: "Amma təklif olunan yeni üzvlər, Almaniya və Türkiyə Təhlükəsizlik Şurasının daimi üzvləri deyil. Amma, Almaniya həmişə bu işdə Azərbaycan kömək edəcəyini bəyan edib. Türkiyə də təbii, Ermənistanla sərhədi var və Qafqazda sabitliyin qorunub saxlanmasında Türkiyənin çox böyük əməyi var. Bu ölkələr ATƏT-in Minsk qrupuna həmsədr olsa əlbəttə yaxşı olar. Biz bunu arzulayırıq. Amma, iş burasındadır ki, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü hələ indiyə qədər bu işi həll edə bilməyib. Hər halda ümid edək ki, nəticə versin".

Z. Əsgərov deyib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hər üçü Azərbaycanın ərazi bütövlüyünü tanısa da onların heç biri bu vaxta kimi işğalçı Ermənistana təzyiq göstərməyib: "ABŞ və Avropa Ukraynadakı separatçılara sanksiylar tətbiq etdi. Lakin Dağlıq Qarabağdakı erməni separatçılara belə sanksiyalar tətbiq olunmadı, əksinə ABŞ Dağlıq Qarabağdakı erməni separatçılara yardım göstərdi, o yardımlar da silahlanmaya yönəldilir. Biz istəyirik ki, dünya bunu bilsin. Bu ikili standartlar aradan götürülsün. Azərbaycan xalqının haqq səsi eşidilsin. Çünki bu cinayətə - azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımına qiymət verilməsə, bu cinayətlər gələcəkdə daha da arta bilər".

"Azərbaycan və Ermənistan prezidentləri dəfələrlə görüşüb, danışıqlar aparıblar. Biz deyirik ki, işğal etdiyiniz Azərbaycan torpaqlarını azad edin. Ermənistan isə azad etmir. Belə olan halda işə vasitəçilər qoşulur. Amma vasitəçilər də hər iki tərəfə "bu məsələni özünüz həll edin" deyirlər. Deyirlər "siz oturun razılığa gəlin, biz də sizə kömək edək". Əgər biz razılığa gələ bilmiriksə, onda vasitəçilər niyə lazımdır?! Əgər bu vasitəçilər Azərbaycanın ərazi bütövlüyünü tanıyırlarsa, Ermənistana təzyiq göstərməlidirlər. Onların işi bundan ibarətdir. Amma bura turist səfərləri kimi gəlib-gedirlər, nəticə də yoxdur. Problem bundadır"- deyə, Z. Əsgərov bildirib.

Z. Əsgərov xatırladıb ki, Azərbaycan və Prezident İlham Əliyev həmişə bəyan edib ki, biz bu məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq: "Amma Azərbaycan xalqının da bir səbr kasası var. Azərbaycanın çox güclü ordusu var, əgər biz bir daha görsək ki, bu problemin həllində maraqlı deyillər, belə olan halda biz bundan sonra Ermənistanın şıltaqlığına dözə bilmərik. Ən azı indi önündə dayandığımız bu "Ana fəryadı" abidəsi bizi bağışlamaz".

Bütün xəbərlər Facebook səhifəmizdə