Azərbaycan Universitetində "Xocalıya ədalət" adlı anım tədbiri keçirilib
Bu gün Azərbaycan Universitetində Humanitar fənlər fakültəsinin "Tarix müəllimliyi" ixtisası üzrə təhsil alan II kurs tələbələrinin təşkilatçılığı ilə "Xocalıya ədalət" adlı anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, faciənin 23-cü ildönümünə həsr olunan tədbir Xocalı soyqırımı zamanı qətlə yetirilən həmvətənlərimizin və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov açaraq, Xocalı faciəsinin insanlığa qarşı işlənən ən ağır soyqırımı cinayəti olduğunu bildirib: "Bu səbəbdən bu faciə daim yaddaşlarda qalmalı və gələcəyə ötürülməlidir. Müxtəlif səpkili və istiqamətli təbliğat və tanıtma kampaniyalarına baxmayaraq, beynəlxalq ictimaiyyət tərəfindən hadisəyə lazımi hüquqi qiymət verilməyib. Xocalı və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması istiqamətində davamlı olaraq addımlar atılır və müəyyən irəliləyişlər əldə olunub. Bu proses Azərbaycanın xarici siyasətinin istiqamətlərindən biri olsa da, bu məsuliyyəti yalnız dövlətin üzərinə qoymaq olmaz. Bu məsuliyyət, bizim hamımızın yüküdür. Hər birimiz məsuliyyət daşımalıyıq ki, Xocalı soyqırımına lazımi hüquqi qiymət verilməsinə nail ola bilək".
Tarixçi-alim Boran Əziz tarixi fakt və sənədlərə istinad edərək soyqırım ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, Xocalı faciəsi Azərbaycanı təsir dairəsində saxlamaq istəyən Rusiya tərəfindən sifariş edilib: "Ərazisi və əhalisinin sayı bizdən çox olsa da dünyada dövlət ola bilməyən xalqlar var. Dövlət qurmaq üçün bəzi keyfiyyətlərə malik olmaq lazımdır. Müstəqil dövlət kimi var ola bilmək uzun, əzablı və əziyyətli yoldur. Xocalı şəhidləri xalqımızın vətənə, torpağa, dövlətçiliyə sadiqliyin ən bariz nümunəsidir. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda mübarizədə şəhid olan Xocalıları yad etmək bizim çiyinlərimizdə mənəvi yükdür".
Boran Əziz iştirakçıların nəzərinə çatdırıb ki, faciənin törədildiyi dövrdə Azərbaycanın qeyri-bərabər vəziyyətə düşürülməsi böyük dövlətlərin beyin mərkəzləri tərəfindən təfərrüatlarına qədər ustalıqla işlənib hazırlanmışdı.
O, vurğulayıb ki, Azərbaycan xalqı bu böyük qüvvələrlə mübarizə apararaq, Xocalı faciəsini yaşamasına baxmayaraq dövlətçilik ənənələrini yaşatdığı üçün böyük xalqdır.
Tarixçi-alim çıxışında Xocalı həqiqətlərinin yayılmasının əhəmiyyətinə toxunub və internet dövründə tələbələri bu istiqamətdə fəallığa səsləyərək öz tövsiyələrini verib: "Biz Xocalıdan hər il bir az daha uzaqlaşdıqca, onun əhəmiyyəti artır. Azərbaycanın müstəqilliyi uğrunda tökülən qanlar yerdə qalmamalıdır. Beynəlxalq şərait bizim lehimizə çevriləndə torpaqlarımız da işğaldan azad olunacaqdır".
Tədbirdə faciəyə həsr olunmuş şeir və mahnılar səsləndirilib, tələbələr tərəfindən hazırlanan səhnəcik, həmçinin "Xocalıya ədalət" adlı video-çarx nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB