Aydın Quliyev MŞ-ya üzlüklə bağlı yeni qaydalardan danışdı

Aydın Quliyev MŞ-ya üzlüklə bağlı yeni qaydalardan danışdı

"Azərbaycan Mətbuat Şurasına üzvlüklə bağlı qaydalarının yeni variantı nəticəsini praktik olaraq bir neçə istiqamətdə göstərəcək". Bunu SİA-ya Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Mətbuat Şurasına üzvlüklə bağlı qaydaların qəbul olunan yeni variantının reket media orqanları ilə mübarizədə səmərəsi böyük olacaq: "Belə ki, reketçiliklə məşğul olan, bu fəaliyyətə görə müəyyən cəza alan, barəsində yuxarı orqanlara şikayət verilən media orqanlarının Mətbuat Şurasına qəbulu bu qaydalarla xeyli məhdudlaşdırılır. Bundan başqa həmin qaydalarda bəzi reputasiyası ləkəli, şübhəli olan jurnalist təşkilatlarının belə Mətbuat Şurasına qəbulunu məhdudlaşdıran maddələr var. Məlumdur ki, indiyə qədər Azərbaycanda çox sanballı jurnalist təşkilatları ilə bərabər, işi, peşəsi fəxri diplomlar, fəxri adlar, qondarma şeylər, qızıl qələm kimi çox parıltılı, amma mahiyyəti heç nə olan şeyləri satmaqla məşğul olan jurnalist təşkilatları var. Yeni qaydalara görə belə təşkilatların da Mətbuat Şurasına qəbuluna müəyyən məhdudiyyətlər qoyulacaq".

A. Quliyev deyib ki, internet media orqanlarının Mətbuat Şurasına üzvlüyü məsələsində də müəyyən qaydalar olacaq: "Bu qaydalar internet medianın inkişafına geniş imkanlar aça bilər. Bir sözlə yeni qaydalar həqiqətən də yenidir. Hesab edirəm ki, zaman-zaman yeni qaydaların müsbət nəticələri işdə özünü göstərəcək. İstisna deyil ki, həmin qaydalarda praktikada meydana çıxan müəyyən məsələlərin tənzimlənməsi üçün pozitiv istiqamətində dəyişikliklər olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə