“Xocalı soyqırımı həqiqətləri” mövzusunda elmi seminar keçirilib FOTOLAR

Bu gün "Gənclərin Elmi Araşdırmalarına Dəstək" (GEAD) İctimai Birliyində "Xocalı soyqırımı" hadisələrinin 23-ci ildönümü ilə əlaqədar olaraq "Xocalı soyqırımı həqiqətləri" mövzusunda elmi seminar keçirilib. SİA-nın məlumatına görə, seminarın qonağı Xocalı şəhər İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev olub.

Seminarı giriş sözü ilə açan GEAD İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı seminar iştirakçılarını "Xocalı faciəsi"ndə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib. Daha sonra M.Babaşlı "Xocalı faciəsi"nin erməni daşnaklarının son iki əsrdə Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qətliamın davamı mahiyyətində olduğunu qeyd edib. 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecədə 603 nəfər sakinin öldürüldüyü, 1000-dən artıq insanın müxtəlif bədən xəsarəti alması nəticəsində əlil olduğu və 1275 insanın əsir götürüldüyü "Xocalı faciəsi"nə ölkə miqyasında ilk siyasi və hüquqi qiymət verən ümummilli lider Heydər Əliyevin olduğunu xüsusi vurğulayıb. Bu siyasi fəaliyyət fonunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət" kampaniyası bu soyqırımın dünya miqyasında tanıdılması istiqamətində uğurlu bir fəaliyyət olduğunu bildirib. M.Babaşlı eyni zamanda, dünyada qəbul olunmuş konvensiyalar və ümumbəşəri qanunlarda "Xocalı faciəsi" kimi soyqırımların yolverilməz olduğu göstərilsə də, bu hadisəyə dünya miqyasında layiqli şəkildə qiymət verilməməsini də təəssüflə qeyd edib.

Xocalı şəhər İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev xalqımızın məruz qaldığı bu qətliam həqiqətlərinin dünya miqyasında tanıdılması istiqamətindəki fəaliyyətlərdən bəhs edib. X.Vəliyev Azərbaycan xalqının haqlı mövqeyini ifadə edərək bu faciəni törədənlərin beynəlxalq məhkəməyə çıxarılaraq cəzalarının verilməsinin zərurətini ifadə edib.

Sonda, maraqlı və yaddaqalan çıxışına görə məruzəçiyə təşəkkürünü bildirən GEAD İctimai Birliyinin sədri M.Babaşlı bu tarixi faciənin ildönümünün qeyd olunmasının, gənc nəslin milli-ictimai təfəkkürünün formalaşması və vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı əhəmiyyətini bir daha nəzərə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...