Şahin Seyidzadə ARGTMŞ-ın 2015-ci il üçün planlarından danışdı

Şahin Seyidzadə ARGTMŞ-ın 2015-ci il üçün planlarından danışdı

"Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 2015-ci ildə yeni təşəbbüslə çıxış edib. Belə ki, kəndlərdə yaşayan gənclərlə birbaşa işləmək qərarı verilib". Bunu SİA-ya Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə deyib.

Onun sözlərinə görə, bu "kənd gənclərinə dəstək" proqramı çərçivəsində aparılır: "2015-ci il ölkə başçısı tərəfindən "kənd təsərrüfatı ili" elan edilib. Sözsüz ki, kəndlərdə yaşayan gənclərə investisiya, insan kapitalı kimi onların inkişafı çox önəmlidir. Ona görə də üst təşkilatlarla birgə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası müxtəlif kəndlərdə əməkdaşlıq proqramları çərçivəsində gənclər üçün müxtəlif proqramlar təşkil edəcək. Bu proqramlar həm yerli gəncləri inkişaf etdirəcək, həm də gənclər təşkilatları ilə gənclər arasındakı əməkdaşlığı gücləndirəcək".

Ş. Seyidzadə deyib ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Xocalı Soyqırımı ilə bağlı prosesdən kənarda qalmayacaq: "Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyasına dəstək olaraq Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən bir sıra təşəbbüslərin icra olunması gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə