Lebedev "qara siyahı"dan çıxarıldı

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Azərbaycan Respublikasının "Dövlət Sərhədi haqqında" qanununu pozmuş və buna görə də Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunmuş "arzuolunmaz şəxslər" siyahısına daxil edilmiş Rusiya Federasiyasının vətəndaşı Artemiy Lebedev adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycana yazılı şəkildə müraciət edib. Azərbaycan XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, məktubda A. Lebedev 2010-cu ilin iyul ayında Azərbaycan Respublikasının işğal altındakı ərazilərinə səfər etdiyini yazıb. O qeyd edib ki, səfərlə bağlı əvvəlcədən Azərbaycan Respublikasının aidiyyəti təşkilatlarından rəsmi icazənin tələb olunmasını bilməyib. A. Lebedev Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə, qanunlarına hörmətini ifadə edib və işğal olunmuş ərazilərə səfərinə görə Azərbaycan xalqından üzr istəyib.

A. Lebedev gələcəkdə Azərbaycan Respublikası ilə razılaşdırmadan işğal olunmuş ərazilərə səfərdən çəkinəcəyini vurğulayaraq, adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasını xahiş edib.

A. Lebedevin müraciəti müvafiq qaydada baxıldıqdan sonra onun adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...