Hikmət Babaoğlu: “Yalançı soyqırım abidəsini ziyarət etmək ciddi diplomatlara yaraşmaz” MÜSAHİBƏ

Dağlıq Qarabağ konfliktini yaradan və bu günə qədər idarə edən dövlət problemi həll etmək istəyəcəksə, ATƏT-in Minsk qrupunun digər iki həmsədr ölkəsi yardımçı rol oynaya bilərlər
Hikmət Babaoğlu: “Yalançı soyqırım abidəsini ziyarət etmək ciddi diplomatlara yaraşmaz” MÜSAHİBƏ

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlunun SİA-ya müsahibəsi:

- Hikmət müəllim, Azərbaycanda keçirilən iqtidar-müxalifət dialoqunu necə qiymətləndirirsiniz? Eyni zamanda bu görüşlərdə bəzi müxalifət partiyalarının sədrləri proporsional seçki sisteminin tətbiqini vacib sayırlar. Buna ehtiyac varmı?

- 1993-cü ildən bu günə qədər olan dövrdə Azərbaycan iqtidarı daim cəmiyyətdə bir dialoq mühiti formalaşdırmağı bacarıb. Bu dialoq mühitinin istər cəmiyyətin müxtəlif sosial təbəqələri, istər müxtəlif intellektual təbəqələri, istərsə də siyasi sistemi təşkil edən ayrı-ayrı siyasi ideoloji dünyagörüşlər arasında mövcud olması üçün bütün şərait yaradılıb. Ona görə də son günlər iqtidar-müxalifət dialoqunun baş tutmasını yeni bir məsələ kimi cəmiyyətə təqdim etmək doğru deyil. Çünki, bu dialoq daim olub. Ən azından hazırkı iqtidar hər zaman dialoqa açıq olub. Zaman-zaman bəzi qüvvələr, ayrı-ayrı xarici mərkəzlərin təşviqi ilə bu dialoqdan çəkilsələr belə iqtidar həmişə dialoqa açıq olub və bu mühit bu gün də var. Hesab edirəm ki, bu Azərbaycan cəmiyyətinin özünəməxsus keyfiyyətlərindən birdir. Məhz bu Azərbaycanda tolerantlığın, söz və mətbuat azadlığının, eyni zamanda siyasi dialoqun və fikir plüralizminin əsaslarını təşkil edən prinsipial mövqedir. Azərbaycanın oturuşmuş siyasi sistemi var. Ötən dövr göstərdi ki, bu siyasi sistem püxtələşib, təkmilləşib və özünü doğruldub və siyasi sistemdə heç bir böhran və ya çatışmamazlıq müşahidə edilmir. Ona görə də istər seçki platformasında, istər idarəetmə, istərsə də qanunvericilik platformasında hər hansı bir yeni metodun, üsulun tətbiq olunması məqbul deyil.

- Bu həftə ATƏT-in Minsk qrupunun regiona növbəti səfərini gerçəkləşdirdi. Bu səfərə münasibətiniz.

- ATƏT-in Minsk qrupu BMT-nin xüsusi mandatı ilə məhz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemini həll etmək üçün yaradılıb. Ancaq, ATƏT-in Minsk qrupunun uzun illər göstərdiyi fəaliyyətə diqqət etsək görəcəyik ki, sanki bu qurum problemi həll etmək üçün yox, status-kvonu saxlamaq, xalq diplomatiyası kimi ideyalarla işğal faktını ört-basdır etmək üçün daha çox fəaliyyət göstərir, nəinki problemi həll etmək üçün. Buna görə də ATƏT-in Minsk qrupunun fəaliyyəti Azərbaycanda ən müxtəlif ranqlarda rəsmilər tərəfindən ciddi və haqlı tənqidə məruz qalıb. Çox təəssüf ki, bu gün də ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı optimist fikir səsləndirmək mümkün deyil. Biz bilirik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllinin açarı hansı dövlətin əlindədir. Hesab edirəm ki, bu konflikti yaradan və bu günə qədər idarə edən dövlət problemi həll etmək istəyəcəksə, ATƏT-in Minsk qrupunun digər iki həmsədr ölkəsi yardımçı rol oynaya bilərlər. Hesab edirəm ki, zaman-zaman onlar da öz maraqları naminə bu problemin həll olunmamasına və ya uzanmasına səbəb olublar. Çünki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması Azərbaycan dövlətinə qarşı təzyiq rıçaqlarından bəzi imperialist mərkəzlərin məhrum olması deməkdir. Ona görə də bu təzyiq, təsir, bəzən də şantaj mexanizmini həmsədr ölkələrin heç biri əlindən vermək istəmir. Siyasi reallıq bundan ibarətdir. Amma, hesab edirəm ki, əsas bir siyasi iradə var. O iradə Azərbaycandan kənarda bu problemi həll edəcək. Həmin iradə qərara alsa ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etmək lazımdır, o zaman bu problemi həll etmək o qədər d çətin olmayacaq.

- Azərbaycanın yürüdəcəyi hansı siyasət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə gətirib çıxara və bu zaman böyük güclərin buna mane olmamasına səbəb ola bilər?

- ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hər üçü ilə istər iqtisadi, istər siyasi, istər enerji təhlükəsizliyi sahələrində Azərbaycanın çox yaxşı münasibətləri var. Hesab edirəm ki, bu əməkdaşlıq mühiti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə gətirib çıxara bilər. Azərbaycan diplomatiyasının gücü, qüdrəti ondadır ki, ötən illər ərzində Azərbaycan bütün güc mərkəzlərinin bir dialoq məkanına çevrildi. Hətta regionda və dünyada baş verən ziddiyyətli hadisələr zamanı belə Azərbaycan bu statusunu qoruya bildi. Yəni, Azərbaycan dialoq məkanı kimi mövcudluğunu qoruya bildi. Bu gün də dünyanın hansı hegemon güclərinin harada maraqları kəsişirsə, kəsişsin Azərbaycanda bu kəsişmir, əməkdaşlığa çevrilir. Bax, Azərbaycan diplomatiyasının ən böyük nailiyyətlərindən biri budur. Ona görə də, hesab edirəm ki, hər üç həmsədr ölkə Azərbaycanın davranışlarını, əhəmiyyətini, regionda güc mərkəzi kimi formalaşmasını nəzərə alaraq ən qısa zamanda problemin həllinə öz töhfələrini verməlidirlər.

- Bu həftə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland da Azərbaycan səfər etdi. Bu səfəri necə şərh edərdiniz?

- ABŞ-Azərbaycan münasibətləri daim yüksək səviyyədə olub və bu gün də yüksək səviyyədədir. Müəyyən mərhələdə Azərbaycanın daxilində mövcud olan və anti-Azərbaycançı mərkəzlərlə əməkdaşlığı heç kimə sirr olmayan qüvvələr, qrant müxalifəti çalışırdı ki, elə bir ictimai rəy formalaşdırsın ki, guya ABŞ-Azərbaycan münasibətlərində gərginlik var. Ancaq, həftə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın Azərbaycan səfərindən bir qədər öncə Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan-ABŞ münasibətlərində heç bir gərginliyin olmadığına dair xarici mətbuat müsahibə verdi və doğrudan da Azərbaycan və ABŞ arasındakı rəsmi dövlət münasibətləri yüksək səviyyədədir. Bu gün ölkələr arasında enerji təhlükəsizliyi, insan hüquq və azadlıqları və beynəlxalq terrorizmə qarşı birgə fəaliyyət istiqamətində əməkdaşlıq aparılır. Hər iki tərəf də bundan razıdır. Ona görə də hesab edirəm ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın ABŞ-Azərbaycan münasibətləri ilə bağlı səsləndirdiyi pozitiv fikirlər də məhz bu əməkdaşlığın nəticəsi olaraq meydana çıxıb.

- ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Ermənistana səfəri zamanı qondrama "erməni soyqırımı" xatirə abidəsini ziyarət etdi. Bu özündə nəyi ehtiva edir?

- Hesab edirəm ki, hazırkı mürəkkəb, ziddiyyətli bir vaxtda olmayan və yalançı soyqırımın xatirə abidəsini ziyarət etmək ciddi diplomatlara yaraşmayan bir addımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə