Elçin Mirzəbəyli: “Rusiya yaxasını kənara çəkməli deyil” MÜNASİBƏT

Elçin Mirzəbəyli: “Rusiya yaxasını kənara çəkməli deyil” MÜNASİBƏT

"Ümumilikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrlərinin heç biri maraqlı deyil". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli rusiyalı ekspert Sergey Markovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun fəaliyyətini uğurlu görməməsinə münasibət bildirərkən deyib.

Siyasi şərhçinin sözlərinə görə, üç ölkə həmsədrlərinin hər birinin münaqişənin həllində öz maraqları var: "Rusiya status-kvonu saxlamaqla həm Ermənistanın, həm də Azərbaycanın təzyiq imkanlarını qoruyub saxlamaq istəyir. Dağlıq Qarabağ, eləcə də digər MDB məkanındakı münaqişələr Rusiyanın MDB-dəki geosiyasi maraqlarını təmin etmək üçün bir vasitədir. ABŞ da eyni formada bu məsələlərdə davranır. Nəzərə alsaq ki, Amerikada olan erməni lobbisi ABŞ siyasətinə təsir göstərmək imkanındadır, burada da həmçinin eyni faktor ortaya çıxır. Heç şübhəsiz ki, Fransada da güclü erməni diasporu var və onlar da Fransa siyasətçilərinə təsir etmək imkanına malikdirlər. Bununla belə, hətta Fransanın da ABŞ-ın maraqlarından kənar özünün regionda geosiyasi maraqları var. Hər üç dövlət, həmsədr bu gün münaqişənin həllində maraqlı görünmürlər. Bu məsələdə Rusiya yaxasını kənara çəkməli deyil. Çünki Rusiya Ermənistanın hərbi siyasi mütəffiqidir. Beləcə rəsmi Moskva işğalçı, təcavüzkar dövləti açıq şəkildə müdafiə edən ölkələrdən biridir".

Bütün xəbərlər Facebook səhifəmizdə