“Heydər Əliyev və Azərbaycan elmi” FOTOLAR

“Heydər Əliyev və Azərbaycan elmi” FOTOLAR

Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin irsinin, dövlətçilik fəlsəfəsinin tədqiqi və geniş təbliği məqsədilə "Heydər Əliyev və Azərbaycan elmi" mövzusunda seminar keçirilib. SİA-nın məlumatına görə, ictimai-siyasi xadimlər, ali təhsil müəssisələri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminarın qonağı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə olub.

Seminarı giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva deyib ki, Heydər Əliyev irsinin öyrənilməsi üzrə seminarlar Heydər Əliyev Mərkəzində mütəmadi olaraq müxtəlif mövzular ətrafında təşkil edilir.

M. Mehdiyeva qeyd edib ki, layihə çərçivəsində ölkənin ictimai-siyasi xadimləri ulu öndərin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzularda mühazirələr oxuyur, bu mövzular ətrafında interaktiv müzakirələr olur.

Daha sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirib ki, Azərbaycanda bütün sahələrdə ulu öndər Heydər Əliyevin quruculuq fəaliyyətinin fundamental nəticələri aydın şəkildə görünür və bu istiqamətlər sırasında elm sahəsinin xüsusi rolu var: "İstər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Heydər Əliyevin elm siyasəti milli quruculuq siyasətinin əsas istiqamətlərindən birini təşkil edib. Bütün fəaliyyəti xalqa xidmət nümunəsi olan ulu öndər Heydər Əliyev Azərbaycan elminin inkişafında böyük xidmətlər göstərib. Heydər Əliyev elmə, alimə həmişə yüksək qiymət verirdi. Bunun ilk səbəbi onun özünün də elmi təfəkkürə sahib olması, intellektual potensiala arxalanması idi. Ulu öndərin elmə belə həssas münasibəti, bütün respublika miqyasında yaratdığı intellektual atmosferdə elm və mədəniyyət xadimləri mövcud elmi potensialın qorunması, inkişaf etdirilməsi işinin milli dövlət quruculuğundakı əhəmiyyətini daha dərindən anlayıb. Öndərin verdiyi mənəvi stimul alimlərimizin yeni-yeni elmi nailiyyətlərə ruhlandırıb".

1969-cu ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi zaman Azərbaycanın aqrar bir respublika olduğunu diqqətə çatdıran A. Əlizadə həmin dövrdə ölkəmizdə yeni mərhələnin başladığını bildirib. Onun sözlərinə görə, elmin strateji əhəmiyyətini düzgün qiymətləndirən ümummilli liderin elm və texnologiya sahəsinin inkişafına xüsusi diqqəti nəticəsində 70-ci illərdə Azərbaycanda riyaziyyat elmi, kimya, neft emalı və neft-kimya sənayesi sürətlə inkişaf etdi, astronomiya, kosmik tədqiqatlar sahəsində də bir sıra mühüm nailiyyətlərə imza atıldı.

AMEA prezidenti ulu öndər Heydər Əliyevin milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılmasındakı rolu barədə də danışıb: "Heydər Əliyev hər il azərbaycanlı gənclərin təhsil almaq üçün böyük qruplarla keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoymuşdu. O dövrdə SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı göndərilib, hər il xaricə 800 tələbə yola salınıb. Xaricdə təhsil almaq indi asan görünür. Amma o zaman bu, çox çətin məsələ idi".

Bu il AMEA-nın təsis olunmasının 70 illiyinin tamam olduğunu deyən A. Əlizadə qeyd edib ki, ümummilli lider Heydər Əliyev bütün elmi idarəçilik fəaliyyəti boyu Azərbaycan elminin flaqmanı olan Elmlər Akademiyasına böyük önəm verib, onun inkişafı üçün əlindən gələni əsirgəməyib: "Azərbaycan Prezidenti İlham Əliyev AMEA-nın 70 illiyi ilə əlaqədar xüsusi sərəncam imzalayıb. Sərəncamın icrası ilə əlaqədar Akademiyada çoxsaylı tədbirlər həyata keçirilir".

Seminar zamanı A. Əlizadə ulu öndər Heydər Əliyevin Azərbaycan elminin bütün sahələrinə göstərdiyi diqqət və qayğıdan danışıb.

A. Əlizadə seminarda iştirak edən gənclərə xitabən deyib ki, elmsiz heç bir tərəqqiyə nail olmaq mümkün deyil.

AMEA prezidenti ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini də seminar iştirakçıları ilə bölüşüb.

Heydər Əliyev Mərkəzində keçirilən seminarın daha geniş formatda təşkili məqsədi ilə AMEA-nın Gəncə və Naxçıvan bölmələri ilə videobağlantılar da yaradılıb. Videobağlantılar zamanı Gəncə və Naxçıvan sakinləri, elm adamları Heydər Əliyev Mərkəzində təşkil olunan mövzunun müzakirəsində iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə