İrəvan meriyası müxalifətçilərə “YOX” DEDİ

Müxalifət isə israrlıdır
İrəvan meriyası müxalifətçilərə “YOX” DEDİ

İrəvan şəhər meriyası Ermənistan müxalifətində birləşən üçlüyün – "İrs", "Çiçəklənən Ermənistan" və Ermənistan Milli Konqresinin (EMK) fevralın 20-nə təyin etdiyi mitinqin keçirilməsinə icazə verməyib. SİA "Azadlıq" radiosunun İrəvan bürosuna istinadən xəbər verir ki, qarşı tərəf meriyanın bu qərarına rəğmən, nəinki etiraz aksiyasını keçirəcəklərini, eyni zamanda mitinqin oturaq şəkildə baş tutacağını bəyan ediblər.

EMK-nin parlament fraksiyasının sədri Levon Zurabyan bununla bağlı bildirib ki, mitinq mütləq keçiriləcək: "Nə qanunun adından danışmaq, nə də Konstitusion hüquqlar barədə mülahizələr irəli sürmək meriyanın səlahiyyətində olmayan şeylərdir. Həmin gün elə bir fərqli tədbirlər olmayacaq, demək, biz də öz mitinqimizi keçirəcəyik.

Erməni parlamentinin "İrs" partiyasından olan fraksiya rəhbəri Ruben Akopyan isə öz açıqlamasında bildirib ki, mitinqdən sonra "Azadlıq" meydanında müddətsiz və oturaq aksiya başlaya bilər.

Onun sözlərinə görə, məhz müddətsiz aksiyaların keçirilməsi ilə müxalifət hakimiyyət dəaiçikliyinə nail ola biləcək. Akopyan deyib ki, fevralın 20-nə qədər "üçlük" bir neçə dəfə görüş keçirəcək və bundan sonra gələcəkdə daha hansı addımların atılması ilə bağlı qəti qərar veriləcək. EMK rəsmisi onu da qeyd edib ki, Ermənistan iqtidarı bu kimi addımları ilə yalnız təxribatlar törətməyə cəhd edir.

Xatırladaq ki, erməni müxalifətinin üç aparıcı siyasi təşkilatı birləşərək, Serj Sarkisyan rejiminə qarşı sonadək mübarizə aparacaqlarını bəyan ediblər. Onlar 20 fevral tarixini inqilabın başlandığı tarix kimi qiymətləndiriblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə