Qüdrət Həsənquliyev: "Azərbaycan üzərinə böyük məsuliyyət götürüb”

"Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclasında bir daha qeyd olundu ki, Azərbaycan yaxın illərdə Avropanın enerji təchizatında alternativ rol oynayan tək ölkə olacaq. Bunun özü son dərəcə önəmli məsələdir". Bu fikirləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Q. Həsənquliyev deyib ki, Azərbaycan indiki dövrdə, xüsusilə də neftin qiymətinin aşağı düşdüyü bir ərəfədə üzərinə böyük məsuliyyət götürüb: "Eyni zamanda Azərbaycan üzərinə böyük maliyyə xərcləri götürüb. Həmçinin TAP və TANAP layihələrinin həyata keçməsi üçün yaxından iştirak edir. Davosda keçirilən iqtisadi forumda da ölkə başçısı İlham Əliyev bildirmişdi ki, layihənin tez başa gəlməsi üçün Azərbaycanın həm bürokratik əngəllərin aradan qaldırılmasına, həm də maliyyə yardımına ehtiyacı var. Yəni layihənin reallaşmasında ayrı-ayrı investorlar və Avropa Birliyi yaxından iştirak etsin. Hesab edirəm ki, bu məsələnin beynəlxalq aləmin diqqətinə çatdırılmasında Bakıda keçirilən tədbir müstəsna rol oynayır".

Bütün xəbərlər Facebook səhifəmizdə